Rusiyanın şərqində təxminən 1,8 trilyon kubmetr ehtiyata malik, ən böyük təbii qaz yatağı olan "Kovitka" istismara verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidenti Vladimir Putinin açıqlayıb.
Putin “Kovitka” ilə Yakutiyadakı “Çayandinskoye” yatağının bir-birinə bağlanacağını deyib: “Yataqdan çıxarılacaq təbii qaz “Sibirin Gücü” boru kəməri ilə daşınacaq. Beləliklə, bütün uzunluğu boyunca ən əhəmiyyətli qaz nəqli marşrutumuzu aktivləşdirdik. Bu marşrut üç min kilometri keçəcək”.
Rusiyanın enerji şirkəti “Qazprom”un prezidenti Aleksey Millerin iştirak etdiyi mərasimdə “Kovitka” qaz yatağının ölkə iqtisadiyyatı və sənayesi üçün son dərəcə əhəmiyyətli olduğu bildirilib.
“Qazprom” dekabrın 8-də elan edib ki, “Sibirin Gücü” boru kəməri ilə Çinə təbii qaz nəqlində gündəlik rekord qırılıb.
Qeyd edək ki, Avropanın bir çox ölkəsi Rusiyadan qaz alışını tamamilə dayandırsa da, bəziləri də alışlarını azaldıb. Rusiya bu itkini kompensasiya etmək üçün müxtəlif bazarlara, xüsusən də Çinə daşınmalarını artırmaq istəyir.