18 Dekabr 2014 10:24
4 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentində (ƏVD) kütləvi informasiya vasitələri nümayəndələri (KİV) üçün “Açıq qapı” günü keçirildi.

2 saylı ƏVD-nin rəisi, baş vergi xidməti müşaviri Abbas İsmayılov tədbirin vergi orqanlarının fəaliyyəti barədə ictimaiyyətin məlumat alma imkanlarının genişlənməsinə şərait yaratdığını qeyd etdi. O, deyib ki, 2012-ci ildə ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı” çərçivəsində şəffaflığın artırılması sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət oqranlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə müxtəlif sahələr üzrə “Açıq qapı” günləri təşkil edilir. Abbas İsmayılov departamentin əsas fəaliyyət istiqamətləri, onun əhatə dairəsinə daxil olan vergi ödəyicilərinin sayı, ümumi vergi daxilolmalarında onların payı və s. haqqında məlumat verdi. KİV nümayəndələrini departamentin inzibati binası ilə tanış edən Abbas İsmayılov vergi borcları və ödənişin vəziyyəti barədə iştirakçıları məlumatlandırdı.

1,6 milyon manat borc büdcəyə ödənilib

Vergilər Nazirliyinin Vergi Borclarının alınması işinin təşkili idarəsinin rəisi, kiçik vergi xidməti müşaviri Tural Quliyev “Vergi borclarının alınması” mövzusunda təqdimatla çıxış edib. Vergi borclarının tərkibi və borc məbləğlərinin dinamikası, borcun yaranma səbəbləri, vergi borclarının dövlət büdcəsinə alınması istiqamətində görülən tədbirlər barədə məlumat verən Tural Quliyev vergi orqanlarının hər bir borclu vergi ödəyicisinə fərdi yanaşmağa çalışdıqlarını dedi. O, bildirdi ki, yaranmış vergi borcu və təqdim edilməmiş bəyannamələrlə bağlı məlumatın vergi ödəyicilərinə operativ şəkildə çatdırılması məqsədilə mütəmadi olaraq onların mobil telefonlarına yazılı mesaj göndərilir: “Görülmüş tədbirlər nəticəsində borc məbləğləri ildən ilə azalır. Vergilər Nazirliyi tərəfindən borclu vergi ödəyiciləri barədə məlumat bazası yaradılıb və həmin vergi ödəyiciləri müvafiq meyarlar nəzərə alınmaqla risk qrupları üzrə təsnifləşdirilib. Bu cür təsnifləşdirmə vergi borcunun ödənilməsi istiqamətində daha tez nəticə verə biləcək metodların seçilməsinə, görülmüş və görüləcək işlərə nəzarətin daha səmərəli şəkildə həyata keçirilməsinə kömək edir. Bu ilin ötən dövrü ərzində borclu vergi ödəyicilərinin bank hesablarına qoyulmuş sərəncamlar nəticəsində 31,1 milyon manat məbləğində, əmlakın siyahıya alınması barədə açılmış qərarların icrası nəticəsində 60,3 milyon manat məbləğində və vergi ödəyicisinin borcunun təsisçisi olduğu hüquqi şəxsdəki payına yönəldilməsi nəticəsində 1,6 milyon manat məbləğində borc dövlət büdcəsinə ödənilib”.

60 nəfərin ölkəni tərk etməsinə qadağa qoyulub

Tural Quliyev bildirdi ki, 519 vergi ödəyicisi tərəfindən avtonəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün üzərlərinə həbs qoyulmaqla onların cərimə meydançalarında yerləşdirilməsi məqsədilə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul olunub: “Borclu fiziki şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə əlaqədar vergi orqanları tərəfindən icra məmurlarına edilmiş müraciətlər və onların verdikləri təqdimatlar əsasında məhkəmələr 60 vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərarlar qəbul edib”.

İdarə rəisi cari ilin 11 ayı ərzində xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığına görə 803 vergi ödəyicisi üzrə 30,9 milyon manat borc məbləğini əhatə edən materialların ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərildiyini dedi: “Onlardan 172 iş üzrə 1 milyon 653,3 min manat məbləğində yayındırılmış vergi məbləği dövlət büdcəsinə ödənildiyi üçün həmin şəxslər barəsində cinayət işi başlanılmayıb və ya başlanılmış cinayət işlərinə xitam verilib”.

Bələdiyyələr ödənişləri nağd şəkildə qəbul edə bilməyəcək

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin Bələdiyyələrlə iş şöbəsinin rəisi Şükür Əhmədov isə Vergilər Nazirliyi tərəfindən 2014-cü ildə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron uçotunun tətbiqi üzrə Pilot layihənin həyata keçirilməsi sahəsində görülən işlər barədə məlumat verdi. Qeyd olundu ki, 2014-cü ildə Bakı şəhərinin Binəqədi rayonunun 5 bələdiyyəsində, Abşeron rayonunun Saray və Şəmkir rayonunun Şəmkir bələdiyyələrində yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin, habelə yerli vergi və ödənişlərin uçotunun tətbiqi üzrə pilot layihə həyata keçirilib. Bələdiyyələrdə elektron uçotun tətbiqi ilə bağlı Vergilər Nazirliyinin sifarişi əsasında 5 altsistemdən ibarət “Bələdiyyə Vergi İnformasiya Sistemi” (BVİS) proqram təminatı hazırlanıb. Bələdiyyə vergilərinin ödəyicilərinin istifadəsi üçün “İnternet Bələdiyyə İdarəsi” (www.e-belediyye.gov.az) yaradılıb və hazırda zəruri texniki tədbirlər həyata keçirilir. Vergi ödəyiciləri İnternet Bələdiyyə İdarəsinə daxil olmaq üçün bələdiyyələrdən şifrə və parol almaqla, yaxud ASAN imza və mobil imzadan istifadə etməklə bələdiyyələrin onlara təqdim etdikləri elektron xidmətlərdən yararlana bilərlər. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliyə əsasən 2015-ci ilin 1 yanvar tarixindən etibarən yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçiriləcək. Qanun qüvvəyə mindikdən sonra bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması dayandırılacaq.

Naibə Qurbanova


Müəllif: