Yanvarın 1-dən əcnəbi mütəxəssislərin ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaları üçün işəgötürənlər tərəfindən iş icazəsinin alınması tələb olunmayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev feysbukda yazıb.
Nazir qeyd edib ki, Prezident İlham Əliyev İKT sektoru ilə bağlı qəbul olunmuş, müvafiq qanunlara və məcəllələrə dəyişiklikləri və onların tətbiqini nəzərdə tutan bir sıra sənədlər imzalayıb.
"Həmin sənədlərə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən Azərbaycan regionda İKT sektoruna ən genişmiqyaslı güzəştlər tətbiq edilən ölkələr siyahısında yer alacaq. Bu dəyişikliklər nəticəsində İKT sahəsində fəaliyyət göstərən şirkətlərə, bu şirkətlərdə çalışan fiziki şəxslərə, eləcə də xarici vətəndaşlara mühüm vergi güzəştləri tətbiq ediləcək. Bununla yanaşı, həm yerli, həm də əcnəbi işçilərin məcburi sosial dövlət sığorta ödənişləri ilə bağlı əhəmiyyətli güzəştlər nəzərdə tutulub", - R.Nəbiyev vurğulayıb.