6 Yanvar 2023 19:14
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ilin fevral ayında başlayan Rusiya-Ukrayna müharibəsi kimi qlobal faktorlar nəticəsində inflyasiya dərəcələrində, eləcə də ərzaq və enerji qiymətlərində kəskin artımlar ümumilikdə milli iqtisadiyyatlarda daralmalara səbəb olub. Amma məlum müharibə nəticəsində yaranan qlobal böhran neft və təbii qazla zəngin ərəb ölkələrinin büdcələrində yüz milyardlarla dollarlıq gəlir artımını əks etdirib.

Teleqraf.com xəbər verir ki, qlobal böhran xüsusilə Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan ərəb ölkələri üçün fürsətə çevrilib.

Ukraynadakı müharibənin təsirləri nəticəsində 2022-ci ildə Körfəz regionunda 6,9 faiz iqtisadi artım proqnozlaşdırılır.

Səudiyyə Ərəbistanının büdcəsi ötən il neft qiymətlərinin artması sayəsində 2013-cü ildən bəri ilk dəfə profisit verib. Maliyyə Nazirliyinin 2022-ci ilin dekabr ayında açıqladığı məlumatlara görə, 102 milyard riyal (27,13 milyard dollar) büdcə profisitinin ölkənin ümumi daxili məhsuluna nisbəti 2,6 faiz təşkil edib.

2022-ci ilin ilk 9 ayında Səudiyyə Ərəbistanı neft ixracından 83,68 faiz artımla 253 milyard dollar gəlir əldə edib. 2021-ci ilin eyni dövründə ölkənin neft gəlirləri 137,94 milyard dollar olub.

Ər-Riyadın 2022-ci il üçün ümumi gəlirləri əvvəlki ilə nisbətən təxminən 28 faiz artaraq 1 trilyon 234 milyard riala (330 milyard dollar) çatıb.

Gəlirlərinin 90 faizindən çoxunu neftdən təmin edən Küveytin də büdcəsində 9 ildən sonra profisit gözlənilir. Ölkənin “El-Enba” qəzetinin dərc etdiyi statistikaya görə, 2022-ci il büdcəsinə əsaslanan neftin bir barelinin qiyməti orta hesabla 28,74 faiz artaraq 103,5 dollara yüksəlib.

Ölkənin neft gəlirləri 2022-ci ildə kəskin artaraq 30,9 milyard dinara (təxminən 100 milyard dollar) çatıb. Küveytin 2021-ci ildə neftdən gəliri 16,7 milyard dinar (təxminən 54 milyard dollar) olub.

Oman Maliyyə Nazirliyinin ilkin məlumatına görə, 2022-ci il büdcəsində 1 milyard 146 milyon riyal (təxminən 3 milyard dollar) profisit verəcəyi gözlənilir. Bildirilir ki, neft ixracı sayəsində 2022-ci ildə gəlirlər 14,234 milyard riala (37 milyard dollar) çatıb.

İraq Neft Nazirliyinin yanvarın 2-də verdiyi açıqlamaya görə, ölkə 2022-ci ildə 115 milyard dollardan çox gəlir əldə edib. İraqın ötən il 1 milyard 209 barel neft ixrac etdiyi bildirilib.

İraq Mərkəzi Bankının sədr müavini Əmmar Həməd ölkənin valyuta ehtiyatlarının 99 milyard dolları keçdiyini bəyan edib. O, valyuta ehtiyatlarının artımını neftin bahalaşması ilə əlaqələndirib.

İraqın neft gəlirləri keçən il 75 milyard dollar, 2020-ci ildə isə 42 milyard dollar olub.

Dünyanın qabaqcıl təbii qaz istehsalçılarından biri olan Qətər təbii qaz ixracatını artırıb və bu müddət ərzində bir çox uzunmüddətli müqavilələr bağlayıb.

Qətər 2026-cı ilə qədər mayeləşdirilmiş təbii qaz (LNG) hasilatını illik 77 milyon tondan 110 milyon tona çatdırmağı hədəfləyir. Bu məqsədlə həyata keçirdiyi “Şimal-Şərq Sahəsinin Genişləndirilməsi” layihəsində Qərb ölkələrinin “Royal Dutch Shell”, “TotalEnergies”, “Exxon Mobil”, “ConocoPhilips” və “Eni” kimi iri enerji şirkətləri ilə əməkdaşlıq edir.

Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani də ölkəsinin 2026-cı ilə qədər mayeləşdirilmiş təbii qaz hasilatını 40 faiz artırmağı hədəflədiyini açıqlayıb.

Qətərə məxsus “Qatar Energy” və “China Petrochemical Company” (SINOPEC) arasında 27 illik LNG müqaviləsi bu sahədə ən uzunmüddətli müqavilələrdən birinə çevrilib. Müqaviləyə əsasən, Qətərin hər il Çinə 4 milyon ton LNG ixrac edəcəyi gözlənilir.

Rusiya-Ukrayna müharibəsindən sonra fərqli qaynaqlar axtaran Avropa coğrafi yaxınlığı və mövcud infrastruktura görə Əlcəzairə üz tutub.

2022-ci ildə təbii qaz ixracını rekord səviyyəyə - 56 milyard kubmetrə çatdıran Əlcəzair, Avropa səlahiyyətliləri tərəfindən ən çox ziyarət edilən ərəb ölkəsi olub.

2022-ci ildə İtaliyaya təbii qaz ixracını 25 milyard kubmetrə yüksəldən Əlcəzair, 2023-2024-cü illərdə bu ölkəyə 30 milyard kubmetr təbii qaz ixrac etməyi hədəfləyir. Əlcəzair 5 milyard kubmetrlə ən böyük təbii qaz ixracatçısı kimi mövqeyini qoruyur.

Yeni təbii qaz yataqlarının kəşf edildiyi və təbii qaz ixracatında artımın planlaşdıran Əlcəzairdə bu il 99 milyard dollarlıq ölkə tarixinin ən böyük büdcəni qəbul edib.

Liviya Mərkəzi Bankının açıqlamasına görə, 2022-ci ildə neft satışlarından 105,5 milyard dinar (22,01 milyard dollar) əldə edilib. 2021-ci ildə neft gəlirləri 103,4 milyard dinar olub.

Liviya səlahiyyətliləri gündəlik 1,2 milyon barel olan hazırkı neft hasilatını yaxın 3 ildə 2010-cu ildəki 1,6 milyon barelə çatdırmağı hədəflədiklərini bildiriblər.


Müəllif: Yeganə Oqtayqızı