9 Yanvar 2023 17:13
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərində güclü qar yağmasa da, ötən gündən paytaxtın həyatı iflic vəziyyətə düşüb.

Qurumlar bir-birinin ardınca əhaliyə xəbərdarlıq edirlər. Qarlı hava şəraiti ilə əlaqədar paytaxtda fəaliyyət göstərən ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən aşağı salınıb, şəhərin müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 188 avtobusun hərəkət intervalında gecikmələr yaranıb, yollarda sürət həddi aşağı salınıb və sair...

Bakının problemlərini üzə çıxaran qar şəhər sakinlərini də əlavə əziyyətə salıb. Mənzillərə göstərilən xidmətlərdə, xüsusən, təbii qazın, elektrik enerjisinin, suyun verilişində müvəqqəti ləngimələr yaranıb.

İctimai nəqliyyatda yaranan gecikmələr işbazların işinə yarayıb. Yaranmış vəziyyətdən sui-istifadə edərək həmişə 5 manata gedilən yolu taksi sürücüləri indi 17 manata aparır.

Bir sözlə, paytaxtımızın qarlı qış günlərində ortaya çıxan problemlərini saymaqla qurtarmır.

Sinoptiklər yağıntının kəsilməyəcəyini, yolların buz bağlayacağını proqnozlaşdırırılar. Bu o deməkdir ki, problemlər davam edəcək...

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Teleqraf.com-a problemi yaradan səbəblərdən danışıb.

İqtisadçı hesab edir ki, Bakı şəhəri və ətraf rayonların icra hakimiyyətləri paytaxtın problemlərini həll etməyə qadir deyillər: “Apardığım araşdırmaya görə, hər il qar yağsa da, yağmasa da Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 500 min ton qum "silir". Guya Bakıda qış olub, qar yağıb, idarə 500 min ton qumu yollara səpib.

Sonuncu dəfə qardan ötəri küçələrə nə vaxt qumun səpildiyi yadıma düşmür. Amma hər il bu məqsədlə qum sənədləşdirilib büdcədən vəsait ayrılır. Halbuki həmin sənədlər araşdırılsa, o tarixdə qarın yağmadığı bəlli olar.

Bu qurumlar iş görməkdən çox saxta əməllərlə məşğul olurlar. Səbəbi mövcud problemlərin təyinatlı yerli icra hakimiyyətləri orqanlarına tapşırılmasıdır Yerli özünüidarəetmə orqanlarının iflic vəziyyətdə olması, bu problemlərin əsasını təşkil edir”.

Ekspert qonşu ölkələrin təcrübəsindən də danışıb: “Qardaş Türkiyədə sadalanan problemlərin hamısı ilə birbaşa bələdiyyələr məşğul olur. Bələdiyyələri də əhali seçir.

Azərbaycanda iş elə təşkil edilməlidir ki, bu məsələlərin həlli əhali tərəfindən seçilmiş yerli özünüidarəetmə orqanlarına tapşırılsın. Onların kimdənsə siqnal gözləmədən qərar vermək səlahiyyəti olmalıdır. Lazımi qərarları özləri verib operativ şəkildə hərəkətə keçə bilməlidirlər. Amma Bakı Şəhər İcra Hakimiyyəti və tabeliyində olan qurumlar əmr gözləyir. Bu əmr də verilənə qədər operativlik sıradan çıxır. Kommunal xidmətlərlə bağlı da vəziyyət belədir”.

Akif Nəsirlinin qənaətincə, problemi başdan həll etmək üçün ölkədə bələdiyyə institutları işləməlidir, qanunvericilik dəyişdirilərək işlək mexanizmi formalaşdırılmalıdır: “Məsələnin kökündə idarəetmə formasının müasir standartlara uyğun qurulması dayanır. Əgər belə olarsa, Bakıda heç bir problem olmaz. Bütün bu problemlərlə əhalin seçdiyi bələdiyyələr məşğul olmalıdır”.

Analitik yaranmış vəziyyətdən istifadə edib qiyməti artıran xidmət sahələrinin fəaliyyətinə də toxunub: “Taksilərin əvvəlki günlərə nisbətən qiymətlərini artırmasını süni qiymət artımı hesab etmirəm. Nəzərə almaq lazımdır ki, bu cür havada taksi sürücülərinin çoxu fəaliyyət göstərmir. Ona görə bu xidmətin sayı azalır. Sadalanan problemlərdən dolayı taksiyə tələbat artır, təklif isə azalır. Bu, bazar iqtisadiyyatı şəraitində normal bir məsələdir. Onu da qeyd edim ki, Azərbaycanda rəqabət olan azsaylı sahələrdən biri də taksi xidmətidir”.


Müəllif: Yeganə Oqtayqızı