13 Yanvar 2023 15:17
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il yanvarın 8-də açılan “Türk axını” təbii qaz boru kəməri ilə Türkiyəyə 26,7 milyard, Avropaya isə 30,5 milyard kubmetr qaz göndərilib.

Teleqraf.com-un xəbərinə görə, ötən il sözügedən xətt vasitəsilə Türkiyəyə 8,6 milyard kubmetr, Avropaya isə 12,5 milyard kubmetr qaz verilib.

“Türk axını” hər biri 15,7 milyard kubmetr olmaqla ümumi qaz ötürmə qabiliyyəti 31,5 milyard kubmetr olan iki xətdən ibarətdir. Türkiyənin Boru Xətləri ilə Neft Nəqli Anonim Şirkəti (BOTAŞ) və Rusiyanın enerji şirkəti “Qazprom”la bərabər tərəfdaşlıq əsasında qurulan “Türk Axını” qaz kəməri ilə birinci xətlə Türkiyəyə, ikinci xətlə isə Avropaya “mavi yanacaq” nəql edilir.

Ötən il Cənub Qaz Dəhlizinin onurğa sütunu olan Türkiyə və Azərbaycanın bərabər tərəfdaşlığı əsasında qurulan Trans Adriatik Boru Kəməri (Trans-Anadolu Təbii Qaz Boru Kəməri, TANAP) vasitəsilə Türkiyəyə 5,8 milyard kubmetr, Avropaya isə 11,3 milyard kubmetr qaz göndərilib.

Kəmər istismara verildiyi vaxtdan Türkiyəyə ümumilikdə 20,5 milyard kubmetr, Avropaya isə 19,5 milyard kubmetr qaz nəql edilib.

Beləliklə, “Türk axını” və TANAP istismara verildiyi gündən etibarən həyata keçirilən qaz nəqlinin həcmi ümumilikdə 97 milyard kubmetr səviyyəsinə çatıb.

Gürcüstan-Türkiyə sərhədindəki Posofdan başlayan TANAP 20 vilayət, 67 rayon və 600 kənddən keçərək Yunanıstan sərhədində Avropa ölkələrinə qaz nəql edən Trans Adriatik Boru Kəmərinə (TAP) birləşir.


Müəllif: Yeganə Oqtayqızı