19 Yanvar 2023 15:54
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ildə Yaponiyanın ticarət kəsiri 19,97 trilyon yen (155,2 milyard dollar) olaraq qeydə alınıb.

Teleqraf.com Yaponiya Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkə indiyə qədər ən böyük ticarət kəsiri ilə üzləşib.

Bu rəqəm müqayisə oluna bilən statistik məlumatların qeydə alındığı 1979-cu ildən bəri ən böyük ticarət kəsiri hesab olunur. İl ərzində yapon yeninin qəfil ucuzlaşması və enerji xərclərinin artması ticarət kəsirinə mənfi təsir göstərib.

2022-ci ildə Yaponiyanın idxalı 39,2 faiz artaraq 118,1 trilyon yen, ixracı isə 18,2 faiz artaraq 98,1 trilyon yenaya çatıb.

İdxalda xam neft, kömür və mayeləşdirilmiş təbii qaz, ixracda isə avtomobil və polad məmulatlarının satışı öndə olub.

Yaponiyanın 2022-ci ilə qədər ən böyük ticarət kəsiri 2014-cü ildə 12,82 trilyon yen səviyyəsində qeydə alınıb.


Müəllif: Yeganə Oqtayqızı