19 Yanvar 2023 16:38
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tarixin ən böyük enerji böhranı ilə üzləşdik və hələ də bu böhranın içindəyik. Vəziyyət öz ciddiliyini qoruyur. Amma Rusiya ilə ticarət edən ölkələr, xüsusən də Avropa öz tədbirlərini görməyə başlayıblar”.

Teleqraf.com xəbər verir ki, bunu Davos Dünya İqtisadi Forumunda danışan Beynəlxalq Enerji Agentliyinin (UEA) prezidenti Fatih Birol deyib.

O, Avropanın Rusiyadan başqa ölkələrdən təbii qaz idxal etməyə başladıqlarına diqqət çəkib: “Azərbaycan, Norveç, Amerika və Qətərdən təbii qaz idxalı artıb. Bərpaolunan enerjinin payı sürətli şəkildə artır. Belçika və Almaniya gözlənilmədən dayandırmaq üzrə olduqları atom elektrik stansiyalarının (AES) ömrünü uzadıblar. Bütün bu tədbirlər və isti havanın təsiri ilə Avropa enerjisiz qalma riskini aşdı.

Amma gələn qış daha çətin keçə bilər. Ötən il dünyanın ən böyük maye qaz (LNG) idxalçısı olan Çinin “mavi yanacaq” tələbi 40 ildə ilk dəfə olaraq azaldı. Lakin açılışla bərabər artıq Çin bazarlardan əhəmiyyətli miqdarda LNG idxal edəcək. Əvvəlki həcmlərdə olmasa da, Avropa Rusiyadan hələ də qaz idxal edir, bu da sıfıra enəcək. Bu iki səbəbdən 2023-2024-cü illərin qışı hələ də riskli dövrdür”.

Fatih Birol qeyd edib ki, Rusiyanın təbii qaz ixracatında ən böyük müştərisi Avropadır: “Yəni Rusiya təbii qazının 75 faizi Avropaya ixrac olunurdu. Rusiya zamanında pulunu ödəyən, heç bir problem çıxarmayan ən yaxşı müştərisini birdən-birə itirdi. Sibirlə Çin arasında yeni bir təbii qaz kəməri inşa etmək üçün ən az 10 il vaxt lazımdır. Bu baxımdan Rusiyanın təbii qaz məsələsində vəziyyəti o qədər də qənaətbəxş deyil. Rusiyanın yetərli anbarları da yoxdur, təbii qaz üçün çətin vəziyyətə düşəcək”.

UEA prezidenti bu il LNG bazarında sıxlığın daha da artacağını proqnozlaşdırır: “Bu il daha az LNG tədarük edildiyi üçün tələb daha çox olacaq. Bu il bazara daha az - təxminən 20 milyard kubmetr LNG çıxarılacaq. Bu, tarixdə ən aşağı maye qaz həcmidir. Bu səbəbdən LNG-nin qiyməti qalxacaq”.


Müəllif: Yeganə Oqtayqızı