20 Yanvar 2023 12:28
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan təbii qazının Rusiya enerji şirkəti “Qazprom” tərəfindən emal edilməsi ilə bağlı iki ölkə arasında razılaşma əldə olunub.

Teleqraf.com xəbər verir ki, Qazaxıstanın baş nazirinin müavini Roman Sklyar və “Qazprom”un idarə heyətinin sədri Aleksey Miller Sankt-Peterburqda görüşüblər.

Görüşdə Qazaxıstanın Moskvadakı səfiri Yermek Koşerbayev, Qazaxıstanın energetika naziri Bolat Akçulakov və Qazaxıstanın dövlət qaz şirkəti “KazakGaz” idarə heyətinin sədri Sancar Jarkeşov iştirak ediblər.

Qazaxıstan baş nazirliyinin bəyanatında bildirilib ki, görüş zamanı iki ölkə arasında təbii qaz sahəsində ikitərəfli əməkdaşlıq müzakirə edilib. Bildirilib ki, iki ölkə arasında qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini, o cümlədən Qazaxıstanın təbii qazının Rusiyanın Orenburq şəhərindəki təbii qaz emalı zavodunda emalı və Rusiya təbii qazının tədarükü ilə bağlı məsələləri müəyyən edən yol xəritəsi haqqında saziş imzalanıb.

Mərkəzi Asiyanın mühüm təbii qaz istehsalçılarından olan Qazaxıstan illik orta hesabla 50 milyard kubmetrdən çox xam təbii qaz və 29 milyard kubmetr əmtəəlik təbii qaz hasil edir. Ölkənin təbii qaza olan daxili tələbatı 18 milyard kubmetrdir. Qazaxıstan 5 milyard kubmetrdən çox təbii qaz qonşu ölkələrə, ilk növbədə Çinə ixrac edir.


Müəllif: Yeganə Oqtayqızı