26 Yanvar 2023 15:26
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qazından xilasa çalışan Avropa İttifaqının dörd üzvü - Macarıstan, Bolqarıstan, Rumıniya və Slovakiya Azərbaycan qazının Türkiyə üzərindən ittifaq ölkələrinə nəqlindən ötrü lazımi infrastruktur və tutum investisiyaları üçün Brüsseldən maliyyə istəyib.

Teleqraf.com xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto bəyan edib.

Nazir azərbaycanlı həmkarı Mikayıl Cabbarovun Budapeştə səfəri zamanı keçirdiyi birgə mətbuat konfransında üzv ölkələrlə birlikdə ittifaqın enerji təhlükəsizliyini təmin etmək naminə lazımi potensial investisiyaların dəstəklənməsi və prioritetləşdirilməsi üçün Avropa Komissiyasına müraciət etdiklərini açıqlayıb:

“Biz Avropa Komissiyasından Azərbaycandan Türkiyə, Bolqarıstan, Rumıniya və Slovakiya vasitəsilə gələcək təbii qazın əlavə həcmi üçün zəruri infrastrukturun inkişafına maliyyə dəstəyi verməklə Cənubi və Mərkəzi Avropanın enerji təhlükəsizliyini təmin etməyi xahiş etdik.

Azərbaycan qazının idxalını artırmaq üçün Cənub-Şərqi Avropa və Mərkəzi Avropada yeni interkomların qurulması və yeni nəqliyyat imkanlarının yaradılması vacibdir. Bunun üçün Avropa İttifaqının stimul və resurslarına ehtiyac duyulacaq. Avropada müharibədən əvvəlki dövrlə müqayisədə hələ də çox yüksək səviyyədə olan təbii qaz qiymətləri Birliyin enerji böhranının davam etdiyini göstərir. Azərbaycan isə Rusiya qazından müstəqil olmağa çalışan birliyə qaz ixracını ikiqat artırmaq niyyətindədir. Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ildə Aİ-yə təbii qaz ixracını 2027-ci ilə qədər iki dəfə artıracaqlarını açıqlayıb”.


Müəllif: Yeganə Oqtayqızı