7 Fevral 2023 12:14
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Sosial sığorta haqqında” Qanununda yeni dəyişikliklər müzakirə edildi və plenar iclasa tövsiyə olundu. Bu dəyişiklik Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərbəst vəsaitinin investisiyaya yönəldilməsinə imkan verəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzv Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, ilk dəfə sözügedən qanunvericiliyə "sərbəst vəsait" və "investisiya gəliri" terminləri kimi yeni anlayışlar gətirilir: “Həmin anlayışlar DSMF-in investisiyaya yönəldilə bilən vəsaitini və bu vəsaitin sərmayəyə yönəldilməsi nəticəsində əldə edilən gəlirlərin formalaşması qaydasını müəyyən etməyə imkan verir.

Dəyişikliyin ümumi mahiyyəti ondan ibarətdir ki, Fond sərbəst vəsaitini az riskli sahələrə investisiya edərək öz gəlirlərini artıra biləcək. Fond bununla gəlir mənbələrini şaxələndirərək yalnız büdcə transferləri və yığımlardan asılı olmayacaq. Bu isə Fonda pensiya artımları daxil olmaqla fərqli istiqamətlərə daha çox vəsait ayıra bilməsinə imkan verəcək. Riskləri sığortalamaq üçün sərbəst vəsait hər hansı kommersiya bankında deyil, yalnız Mərkəzi Bankda saxlanıla biləcək.

Bütövlükdə, məqsəd əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verməkdir. Bu o deməkdir ki, sərmayə mexanizmi növbəti illərdə pensiya məbləğlərində yeni artımlara imkan yaradacaq. Bu pensiya təminatının da güclənməsinə xidmət edəcək” .


Müəllif: Yeganə Oqtayqızı