Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə sənaye müəssisələrinin nümayəndələri ilə görüş keçirilib.
Teleqraf.com-un məlumatına görə, “Sənaye müəssisələri və ətraf mühit” mövzusunda təşkil edilən tədbirdə İqtisadiyyat və Sənaye, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları, 50-dən çox sənaye müəssisəsinin nümayəndələri iştirak ediblər.
Tədbirdə İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov 2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan edildiyini qeyd etmiş, bu sahədə görülən işlər barədə məlumat verib. Bildirilib ki, 2014-cü ildə ölkədə 40-a yaxın orta və iri sənaye müəssisəsi açılıb, mövcud sənaye müəssisələrinin istehsal gücləri genişləndirilib. Ölkəmizdə sənaye parklarının və sənaye məhəllələrinin yaradıldığını qeyd edən Niyazi Səfərov müasir sənaye müəssisələri yaradılarkən ekoloji təhlükəsizliyə xüsusi əhəmiyyət verildiyini vurğulayıb. Qeyd olunub ki, sənaye müəssisələrinin ətraf mühitə mənfi təsiri nəzərə alınaraq, dövlət başçısı tərəfindən Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ekoloji vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar bir sıra tapşırıqlar verilib. Bu tapşırıqların icrasını təmin etmək məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən sənaye müəssisələrinin ətraf mühitə mənfi təsirinin aradan qaldırılması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində müvafiq işlər görülüb, atmosferə tullantıların buraxılmasına nəzarət və monitorinq sistemi araşdırılıb, daha effektiv nəzarət və monitorinq mexanizmlərinin tətbiq edilməsi, monitorinqin müasir cihaz və avadanlıqlar istifadə edilməklə həyata keçirilməsi və s. məsələlərlə bağlı təkliflər hazırlanıb.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılmasının prioritet istiqamətlərdən biri olduğunu qeyd edib, ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması və ekoloji tarazlığın təmin edilməsi istiqamətində görülən işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbirdə bir sıra sənaye müəssisələrinin nümayəndələri çıxış edərək təmsil etdikləri şirkətlərin fəaliyyəti barədə məlumat veriblər.
Tədbir çərçivəsində ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində sənaye müəssisələrinin nümayəndələrinin təklifləri dinlənilmiş, tullantıların azaldılması, gələcəkdə həyata keçirilməsi zəruri olan tədbirlər və s. məsələlər müzakirə edilmiş, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Naibə QURBANOVA