3 Mart 2023 13:26
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılması məqsədilə martın 2-də Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan xalçalarının sərgisini təşkil edib.

Teleqraf.com xəbər verir ki, sərgidə Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərinə aid klassik və müasir dizaynda çoxsaylı xalça nümunələri sərgilənir.

Həmçinin, böyük ekran vasitəsi ilə xalçaçılıq sənətini, eləcə də tanınmış xalça toxucularımızdan bəhs edən film nümayiş olunub.

Mədəniyyət Mərkəzində təşkil olunan xalça sərgisinin əsas hədəfi nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə məxsus olduğunu, ənənələrə əsaslanan bu sənətin yüksək qiymətləndirildiyini və onun qorunmalı olduğunu, Azərbaycan xalqının öz milli dəyərlərinə necə qiymət verdiyini bildirməkdən ibarətdir.

Sərginin açılışına Avstriyadakı Azərbaycan səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları, diplomatik korpus, Avstriyada yaşayan soydaşlarımız, yerli ictimaiyyətin üzvləri, Türkiyənin Avstriyadakı səfirliyi və beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyi iştirak edib.

Sərgini giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova bildirib ki, Azərbaycan hər zaman milli mənəvi dəyərlərinə yüksək qiymət verərək onu bütün dünyaya tanıtmaq yolunda təqdirəlayiq addımlar atıb. Xalq sənəti sahələri arasında ən geniş yayılmış növ olan xalçaçılıq Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş sənətlərdən biri olduğu vurğulanıb. Bu baxımdan sərginin həm Avstriyada yaşayan həmyerlilərimiz, həm də avropalı xalçasevərlər üçün maraqlı olacağından əmin olduğunu bildirib.

Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun xeyriyyə xarakterli tədbir üçün minnətdarlığını bildirib, Azərbaycan və Türkiyə xalqlarının həm sevincli, həm də ağrılı günlərdə daim bir yerdə olduqlarını qeyd edib. O, Türkiyədə baş verən sarsıdıcı zəlzələlərin fəsadlarının aradan qaldırılmasında Azərbaycan xilasedicilərinin yorulmaz fəaliyyətini, eləcə də Azərbaycan xalqının maddi və mənəvi dəstəyini minnətdarlıqla vurğulayıb.

"Azərxalça" ASC-nin İdarə Heyətinin sədr müavini Ceyhun Əlibəyov da tədbirdə çıxış edərək, Cəmiyyətin tarixindən söz açıb. Bildirib ki, 20-ci əsrin birinci yarısından fəaliyyət göstərən “Azərxalça” 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yenidən strukturlaşdırılıb. Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayıb. O, sərgidə nümayiş olunan bütün xalçaçılıq məktəblərinə aid xalçalar və Qarabağ, Qazax, Naxçıvan, Şirvan məktəblərindən də söz açıb. “Azərxalça” ASC-nin əsas məqsədi xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsi olduğunu deyib. Cəmiyyətin istehsal etdiyi xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb. “Azərxalça” ASC-nin xalçaların istehsalı ilə yanaşı xalçaçılıq sənətinin qorunub saxlanılması, inkişaf etdirilib gələcək nəsilllərə ötürülməsi, bu sahəyə xüsusilə regionlarda yaşayan toxucu xanımların cəlb olunması, işlə təmin olunması məsələlərində atdığı önəmli addımlardan da söz açıb.

Tədbir çərçivəsində fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərər çəkmiş insanlara yardım aksiyası da təşkil olunub. Belə ki, Azərbaycan milli məhsulları, kəlağayı və milli üslubda hazırlanmış zinyət əşyaları ilə yanaşı “Azərxalça” ASC-nin təşkil etdiyi xalçaların satışından əldə olunan gəlirin bir hissəsi AFAD-a ianə olunacaq.

​Tədbir iştirakçıları açılış zamanı Azərbaycanın Xalq artisti Ənvər Sadıqovun başçılıq etdiyi musiqi qrupunun konsert proqramını dinləmək imkanı əldə ediblər. Konsertdə həmçinin görkəmli caz pianoçusu və bəstəkar, beynəlxalq müsabiqələr laureatı Emil Əfrasiyab da iştirak edib. Musiqi qrupu Azərbaycan xalq mahnıları və bəstəkar əsərləri, eləcə də Ənvər Sadıqov və Emil Əfrasiyabın bəstələdiyi kompozisiyaları təqdim ediblər.

Mədəniyyət Mərkəzində təşkil olunan sərginin qapıları aprel ayının sonunadək avropalı xalça sevərlər üçün açıq olacaq, burada maraqlananlara həmçinin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə məlumat veriləcəkdir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər