Azərbaycan ərazisindən Qazaxıstan neftinin nəqli bu il başladılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko brifinqdə deyib.
"Aktau-Bakı marşrutu üzrə Qazaxıstan neftinin nəqli 2023-cü ildə başlayacaq", - o deyib.
Nazir müavini, həmçinin, Qazaxıstanın artıq öz neftini Rusiya, Xəzər Boru Kəməri Konsorsiumu, Atırau-Samara Boru Kəməri, habelə, Mahaçqala-Aktau istiqamətində ixrac etdiyini qeyd edib.
Daha əvvəl Qazaxıstanın baş naziri Əlixan İsmayılov 2023-cü ilin əvvəllərində Qazaxıstanın Azərbaycan ərazisindən 1,5 milyon ton neft nəqlinə başlayacağını bildirib.
"Bizim artıq 1 yanvar 2023-cü ildən etibarən Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə 1,5 milyon ton neft nəqlinə dair sazişimiz var. Eyni zamanda, həcmi gələcəkdə 6-6,5 milyon tonadək artırmağı nəzərdə tuturuq. Batumi və Özbəkistan istiqamətində dəmir yolu ilə pilot daşımalar artıq başlayıb, vaqon sisternlərinin sayı isə ikiqat artırılıb", - İsmayılov deyib.