11 Mart 2023 22:13
1 503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada Rusiyadan polad və alüminium məhsullarının idxalına qadağa qoyub.

Teleqraf.com xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Coli açıqlayıb.

Nazir ilk dəfə Rusiyaya qarşı sanksiyalar ideyasının Prezident Vladimir Putin administrasiyasına son qoymaq məqsədi daşıdığını bildirib: “Moskvaya qarşı təcrid iqtisadi, siyasi və diplomatik olmalıdır. Alüminium və polad məhsulları əhatə edən qadağanın məqsədi Rusiyanın Ukraynaya hücum qabiliyyətini zəiflətməkdir. Putin administrasiyasının məsuliyyətə cəlb olunmasını istəyirik”.

“Biz Putinin Ukraynaya qanunsuz və vəhşicəsinə işğalını maliyyələşdirmək üçün istifadə etdiyi gəliri azaltmaq və ya məhdudlaşdırmaq üçün əlimizdən gələni edirik", deyə Kanadanın baş nazirinin müavini və maliyyə naziri Kristia Friland bildirib.

Qeyd edək ki, Kanada daha əvvəl Rusiyanın 1600-dən çox şəxs və təşkilatına qarşı sanksiya tətbiq edib.

Kanada müharibədən bəri Ukraynaya pul, hərbi mallar və digər yardımlar daxil olmaqla 3,62 milyard dollar yardım edib.

Rəsmi ticarət rəqəmlərinə görə, Kanada 2021-ci ildə Rusiyadan 201 milyon dollar dəyərində alüminium və polad məhsulları idxal edib.


Müəllif: Yeganə Oqtayqızı