16 Mart 2023 16:10
1 509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında Azərbaycan neftinin kəskin ucuzlaşması qeydə alınır.

Həftə ərzində keçirilən hərraclarda "Azeri Light" markalı neftin qiyməti aşağıdakı kimi olub:

Martın 14-də neftin 1 barelinin qiyməti 1,19 ABŞ dolları, yaxud 1,4 % azalaraq 83,60 dollar təşkil edib. Martın 15-də Azərbaycan neftinin 1 barelinin qiyməti 2,19 dollar, yaxud 2,62 % azalaraq 81,41 dollara düşüb. Martın 16-da isə neftin 1 barelinin qiyməti 6,99 dollar, yaxud 8,59 % azalaraq 74,42 dollara satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Teleqraf.com-a neftin kəskin ucuzlaşmasının səbəblərini şərh edib.

Ekspert qeyd edib ki, Azərbaycan neftinin qiyməti dünya bazarında müəyyənləşir: “Bazara çıxardığımız neft hasilatı dünyada satılan ümumi həcmlərin təqribən 0,5%-i qədərdir. Bu baxımdan qlobal neft bazarında baş verənlər Ceyhan limanında xam şəklində satılan Azərbaycan neftinin qiymətində də öz əksini tapır. Dünəndən neftin qiymətində kəskin ucuzlaşmanı müşahidə edirik. Neftin qiyməti 2021-ci ilin dekabrın 21-dən bəri ilk dəfə 72 dollardan da aşağı həddə ucuzlaşıb.

Hazırda bazarlarda bir qədər stabilləşmə var. “Brent” markalı neft 74,16 dollara təklif edilir. Ancaq ötən həftənin əvvəlində “Brent” 81 dollara satılırdı”.

Analitik neft bazarlarındakı ucuzlaşmanın səbəbini son 1 həftə ərzində ABŞ-da 3 bankın iflas etməsi ilə əlaqələndirib: “Silicon Vadisi Bank (SVB), “Signature Bank” və “Silvergate Capital” iflas etdiklərini açıqladılar. 231 milyard dollar kapitalı olan Silicon Vadisi Bankının müflis elan edilməsi ABŞ maliyyə sisteminə neqativ fon gətirdi. Bunun ardınca bu həftə İsveçrənin “Credit Suisse”in (CSGN.S) bankı hökumətdən kömək istədi və maliyyə qurumunun bu istəyinə rədd cavabı verildi. Bütün bu proseslər nəticə etibarilə Avropada fond birjalarının qorxu keçirməsi, lisenziya ilə bağlı hansısas təhlükənin yaxınlaşması kimi fikirləri formalaşdırdı. Ardınca Avropada fond indeksləri enişə doğru hərəkətə başladı, bunu Asiya bazarlarında da müşahidə edirik.

Bu isə investorlarda belə bir fikir formalaşdırdı ki, əgər iqtisadi artım gözlənildiyindən aşağı tempdə olacaqsa, deməli, enerjiyə tələbat azalacaq. Əgər enerjiyə tələbat azalacaqsa, deməli, onun qiyməti aşağı enəcək. Ona görə bu günlərdə bazarlarda əldə olan fyuçers müqavilələrinin aktiv satılmasına başlanıldı. Yəni təklif tələbi üstələdi. Bunun nəticəsində dünən neftin qiyməti 7%-ə qədər ucuzlaşdı”.

Mütəxəssisin sözlərinə görə, bazara çıxarılan neft həcmlərinə tələbat proqnozlarla uyğun gəlmir: “ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) neft ehtiyatlarının 1.5 milyon barel artdığını elan etdi. Həm Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC), həm də Beynəlxalq Enerji Agentliyi (BEA) qeyd edirdilər ki, cari ildə neftə olan tələbat artacaq. Ancaq məlum olub ki, fevralın yekunları üzrə OPEC bazara gündəlik kvotasından 1,72 milyon barel az neft çıxarıb. Buna baxmayaraq, neftin qiyməti düşüb. Bu fakt onu göstərir ki, tələbat heç də proqnoz edildiyi kimi artmır. Tələbatın artmamasında alternativ və bərpaolunan enerjinin də xüsusi çəkisinin getdikcə artması öz rolunu oynayır.

Əgər OPEC qərar versə ki, aprelin 1-dən kvotasını azaldır, hesab edirəm ki, bu, reallıqda bazara təsir etməyəcək. Çünki OPEC bazara yenə də öz kvotasından aşağı həcmdə neft çıxardacaq. Üstəlik bazarda deyilən həcmlərə heç ehtiyac da yoxdur.

Neftin qiymətinin yaxın üç ay ərzində 65 dollara qədər enməsinə dair proqnozlar var. Bunun əksinə olaraq Amerika bankları neftin qiymətinin 85-90 dollara qədər artacağını proqnozlaşdırır. Reallığın necə olacağını zaman göstərəcək”.

Büdcə üçün neftin əlverişli qiyməti nədir?

İlham Şaban hesab edir ki, hökumət parlamentə dövlət büdcəsini təqdim edəndə konservativ yanaşma ilə çox düzgün addım atıb: “Bu yanaşma büdcəni hər hansı bir vəsaitlərin daxil olmasındakı çatışmazlıqdan sığortalayır. Əgər ötən il “Azeri Light” markalı neftin orta ixrac qiyməti 102 dollar olmuşdusa, cari ildə neftin orta qiymətinin 70 dollardan aşağı həddə düşməsini real görmürəm”.


Müəllif: Yeganə Oqtayqızı