ABŞ-da bir neçə bankın iflası dünya maliyyə sektorunda böhranla bağlı narahatlıq yaradıb.
ABŞ-da “Silicon Vadisi Bankı”nın müflisləşməsinin əsas səbəbi kimi, uçot dərəcəsinin artırılması göstərilir. Son illər ABŞ-da inflyasiya kəskin artıb. Bu durumda isə uçot dərəcəsini artırmaq mərkəzi bankların tətbiq etdiyi əsas mexanizmdir. Belə olduğu halda da kredit faizləri yüksəlir və iqtisadi aktivlik aşağı düşür.
Faiz dərəcələrinin artması daha çox texnoloji şirkətlərlə işləyən “Silicon Vadisi Bankı”nın bahalı kredit götürmək istəməyən müştərilərinin pula olan ehtiyaclarını ödəmək üçün bankdan öz depozitlərini çıxarmaqla nəticələnib. Beləliklə bank müflis olub.
Analitiklər düşünür ki, Azərbaycanda banklar “Silicon Vadisi Bankı” kimi məhdud sektor üzrə fəaliyyət göstərirlər. Başqa sözlə, bankların gəlirlərinin əsas hissəsini xüsusən vətəndaşlara verilən istehlak kredit faizləri təşkil edir. Kredit faizlərinin yüksəlməsi və iqtisadi aktivliyin aşağı düşməsi bankları əsas gəlir pəncərəsindən məhrum edir.
Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,5 faizdən 8,75 faizə çatdırılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi artırılaraq 6,75 faizdən 7 faizə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5 faizdən 9,75-ə çatdırılıb.
AMB bəyan edir ki, bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib.
İqtisadçı Xalid Kərimli Teleqraf.com-a bildirib ki, faiz dərəcələrinin artırılması, pul-kredit siyasətinin sərtləşdirilməsi anti-inflyasiya tədbirləridir.
O, hazırkı səviyyədə inflyasiyanı iqtisadiyyat üçün daha təhlükəli hesab edir: “ABŞ-ın “SVB”, “Signature Bank”, İsveçrənin “Credit Suisse” maliyyə qurumları sıradan çıxdı, amma həm Amerika, həm də Avropa mərkəzi bankları prosesin bu sektora ciddi təsir göstərməyəcəyinə dair bəyanatlar verdilər. Sistemə təsir göstərməmək üçün bu banklara hökumətlər, mərkəzi banklar ciddi dəstək verirlər. Əhali arasında banklara olan inamı qoruyub-saxlamaq üçün müəyyən addımlar atıldı.
Hələlik Qərbdə bank böhranının bitdiyini demək olmaz, çünki proses hələ davam edir və bunu müşahidə edəcəyik. İndiki məqamda nə “SVB”, nə “Signature Bank”ın, nə də “Credit Suisse”in iflası Qərbin maliyyə sisteminə ciddi təhlükə yaratmayıb. Çünki idarə edə biliblər”.
İqtisadçı Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini artırmasına da diqqət çəkib: “Ölkəmizdə bundan daha yüksək faiz dərəcələri görmüşük. Hazırkı faiz dərəcələrinin Azərbaycan iqtisadiyyatı üçün problem yaratdığını düşünmürəm. Baxmayaraq ki, AMB faiz dərəcələrini artırır, amma iqtisadiyyatda yenə də əlavə maliyyə resursları var. Başqa sözlə, bankların əlində kifayət qədər nağd pullar var, yerləşdirməkdə çətinlik çəkirlər. İqtisadiyyatda pul azlığı yoxdur. Şirkətlərə verilən korporativ kreditlərin faiz dərəcəsi artmır. Biz istehlak kreditlərinin 25-30 faizdən verildiyini bilirdik, indi bu kredit növündə faizlər daha məqbul səviyyələrdə formalaşır.
Mərkəzi Bank bəyan edir ki, monetar amillər inflyasiyaya azaldıcı təsir etməkdə davam edir. Faktiki olaraq faiz dərəcələrinin artmasına baxmayaraq, ölkədə kredit aktivliyi yüksək olaraq qalır”.
Ölkədə banklar risklərə nə dərəcədə dayanıqlı və hazırdır?
Xalid Kərimli deyir ki, Azərbaycanda 2015-ci il devalvasiyasından sonra bankların sayı yarıbayarı azalıb: “Devalvasiyadan öncə ölkədə 44 bank fəaliyyət göstərirdi. Milli valyutanın iki dəfə dəyər itirməsindən sonra onların bir çoxu müflisləşdi. Hazırda Azərbaycanda lisenziyalı 25 bank fəaliyyət göstərir. Mərkəzi Bankın bəyanatlarına baxsaq, qalan bankların kifayət qədər etibarlı olduğuna dair gözlənti var.
Amerikadakı və Avropadakı bank böhranı faiz dərəcələrinin artması ilə yanaşı, eyni zamanda müştərilərin etimadsızlığı fonunda ortaya çıxdı. İflas edən banklar böyüklüyünə, valyuta ehtiyatlarının həcminə görə Azərbaycandakı banklardan dəfələrlə sağlam idi. Amma müştəri etimadsızlığı və etibarsızlığı bank sektorunu bu vəziyyətə saldı.
Doğrudur, İsveçrənin “Credit Suisse” bankının öz problemləri vardı. O, investment bankdır, burada da investisiya itkiləri vardı. Fondlara verdiyi kreditlərdən, öz investisiyalarında ciddi zərərləri vardı. Dərinə getsək görərik ki, bu maliyyə sektorunun iflasında faiz dərəcələrinin artımının rolu var. Amma birbaşa səbəb bu deyil, bank riskli ticarət aparmışdı.
Hazırda Azərbaycanın bank-maliyyə sektorunda sabitlik var. İnsanların banklara əminliyi, etibarı və bir etimadı var. Son dövrlərdə Əmanətlərin Sığortalanması Fondunun bir açıqlama yaydı ki, əmanətçilərin 99.8 faizi, ümumi əmanətlərin təqribən 45 faizi tam sığortalanıb. Bu baxımdan hazırda baş verən proseslərin Azərbaycanın bank sektoruna təsir göstərəcəyinə inanmıram. Təbii ki, bu nikbin proqnozum indiki məqamı əhatə edir. İqtisadiyyat dinamikdir, çox sürətli proseslər gedir. Bir aydan və ya yarım ildən sonra nə olacağını indidən demək çətindir. İqtisadiyyata təkcə bu sektorda baş verən proseslər deyil, eyni zamanda siyasi, hərbi gərginliklər də təsir göstərir”.