7 Aprel 2023 14:41
2 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir ayda Azərbaycanda 112 tona yaxın istehlaka yararsız kartof məhv edilib.

Martın 27-də Belarus, Ukrayna və Rusiyadan Azərbaycana gətirilən ümumi həcmi 63 ton, martın 31-də Gürcüstandan gətirilən 24,5 ton, aprelin 4-də isə İrandan gətirilən 24 tona yaxın kartof məhv edilib.

Aidiyyəti qurumun yararsız məhsullara qarşı tədbiri yalnız bu ölkələrin ixracatçılarına müvəqqəti qadağa qoymaqla yekunlaşır.

İstehlak bazarında yerli kartof sanki qəhətə çəkilib. Mövcud vəziyyət öz növbəsində qiymətə təsirsiz ötüşmür. Hazırda iri ticarət mərkəzlərində yerli kartofun kiloqramı 1 manat 60 qəpikdən təklif edilir.

Teleqraf.com-un yerli kartofun daxili tələbatı ödəməsi, bazar qiymətləri, istehsal və digər məsələlərlə bağlı ünvanlandığı sualları Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elmar bəy, niyə daxili bazarı yerli kartofla təmin edə bilmirik?

- Ölkəmizdə kartofa yararlı əkin sahələri azlıq təşkil edir. Azərbaycanın xüsusən qərb bölgəsi - Tovuz, Şəmkir, Gədəbəy, Qazax, Cəlilabad və az miqdarda da Qusar kartofçuluğa yararlıdır.

Toxumluq kartofla bağlı ərazilər isə lap azdır. Məsələn, Gədəbəy, Tovuz və Daşkəsənin dağlıq hissələri toxumçuluğa yarayır. Kartof toxumunu inkişaf etdirmək üçün dəniz səviyyəsindən 1 200 metr yüksəklik olan əkin sahələri lazımdır. Ona görə ölkəmizdə kartof toxumu istehsalında torpaq və iqlim şəraiti o qədər də əlverişli deyil.

Amma keyfiyyət baxımından olduqca yüksək məhsuldarlıq əldə olunur. Dad keyfiyyətinə və kimyəvi tərkibinə görə çox yüksək keyfiyyətə malik kartof məhsulları yetişir.

Digər bir məsələ Cəlilabadda əkilən faraş kartofun böyük bir hissəsi – təxminən 450 tona yaxını Rusiyaya baha qiymətə satılmasıdır. Bu da ölkəyə yüksək məbləğdə gəlir gətirir. Normalda həmin məhsul daxili bazarlarda o qiymətə getmir. İxrac prosesi mövsümdən əvvəl başlayır, yəni mart, aprel hətta may ayına qədər gedib çıxır.

Məhv edilən kartofa gəlincə, çox güman ki, bu, əmtəəlik deyil, toxumluqdur. Xarici ölkələrdən gətirilən kartoflar xəstə kartoflardır. Onu bizim ölkədə əkmək nəinki düzgün deyil, deyərdim, cinayətdir. Toxumun tərkibində elə xəstəliklər var ki, torpaqda illərlə qalır. Torpağa sirayət etmiş bu xəstəlikdən xilas olmaq çox çətindir. Ona görə də həmin məhsulların məhv edilməsi düzgün addımdır.

- Qeyd etdiniz ki, Rusiyaya faraş kartof satmaq qiymət baxımından daha əlverişlidir. Bəs idxalda vəziyyət necədir?

- Cəlilabada yetişdirilən kartof daxili bazara da çıxarılır. Amma böyük əksəriyyəti Rusiyaya ixrac olunur. May, iyun ayına qədər erkən çıxan sortlar var, bir də dağlıq ərazidə, yəni Gədəbəy, Tovuz, Şəmkir, Daşkəsəndə əkilən sortlar - bunlar sentyabrın axırı, oktyabr ayında çıxarılır. Yəni məhsul payızın sonlarına doğru yığılır. Azərbaycanın iqlim şərtləri bu aralıq müddətdə kartof çıxarmağa imkan vermir. Amma Belarusiyada, Rusiyada, Ukraynada mülayim iqlim qurşağı olduğuna görə, il ərzində iyun, iyul aylarında kartof çıxarılır.

- Ənənəvi kartof əkilən rayonlardan savayı başqa əlverişli bölgələr də varmı?

- Belə yerlər mövcuddur. İnstitut olaraq apardığımız monitorinqlərə görə, Lerik rayonunun hər yeri yox, məhz Zuvand bölgəsi kartof toxumçuluğu üçün çox əlverişli yer hesab olunur. Rayonun adıçəkilən bölgəsi İranla sərhəddə yerləşir. Bundan başqa, Qusarın dağlıq ərazisində Urva kəndi də toxumluq kartof üçün yararı sahələrdir. Son dövrlərdə İsmayıllıda da toxumluq məqsədi ilə kartof əkilir.

Aran bölgələrdə kartofun əkilməsi iqtisadi baxımdan səmərəli deyil. Çünki həm torpaq, həm də iqlim şəraiti buna imkan vermir. Kartof soyuqsevən bitkidir, 27-28 selsi dərəcə temperaturdan sonra çiçəklənmə prosesi getmir. Buna görə də kartof yumrusunun əmələ gəlməsi dayanır. Normalda ola bilər ki, torpaq əkinə yarayır, amma müvafiq dövrdə ərazidə temperatur 30 dərəcəni keçir. Bu da kartof üçün öldürücü iqlim hesab olunur.

- Monitorinq apardığınız kəndlərdə kartof əkilirmi?

- Bəli, həmin ərazilərdə əkin işləri gedir. Amma ənənəvi sahələr var, aran bölgə deyəndə Cəlilabad, dağlıq deyəndə isə Gədəbəy, Tovuz, Şəmkir nəzərdə tutulur. Yəni ənənəvi olmayan sahələrdə bitkiçiliklə və yaxud heyvandarlıqla məşğul olublar. Amma indi əhali az miqdarda olsa da, həyətyanı sahələrdə kartof əkir.

Hazırda Lerik rayon İcra Hakimiyyəti ilə rayon ərazisində pilot toxumluq təsərrüfatının yaradılması istiqamətində danışıqlar gedir. Toxumçuluğun həmin ərazidə inkişaf etdirilməsi üçün yerli fermerlərlə də görüşmüşük.

- Bəs istehlak üçün kartof hansı ərazilərdə yetişdirilir?

- Ölkə əhalisinin istehlak səbəti ortalama 950-1 milyon tondur. Azərbaycanda da ildə 1 milyon tondan artıq kartof istehsal olunur. İstehlak üçün yararlı sahələrimiz çoxdur.

- Tədarük olunan məhsulun saxlanma yerlərində vəziyyət necədir?

- Kartofun saxlanma yerləri vacib məsələlərdən biridir. Son dövrlərdə müasir saxlanma anbarları tikilib. Burada proseslər gedir. Özəl şirkətlər tərəfindən dövlətə dəstək məqsədilə anbarlar tikilir ki, sayı çox olsun və bu sahədə olan problem aradan qaldırılsın. Saxlanma şəraiti genişlənəcək deyə, yaxın illərdə idxal məsələsi tam aradan qalxacaq.

Azərbaycanda idxal kartofuna yalnız qeyri-mövsüm vaxtlarda ehtiyac yaranır. Mövsüm vaxtı çıxan məhsullar daxili bazarı tamamilə təmin edir. Həmin dövrdə ölkəmizə heç yerdən istehlak məqsədilə kartof idxal olunmur. Yalnız toxumluq kartofun müəyyən hissəsi gətirilir.

- Hazırda nə qədər kartof sortu var və onların arasında sıradan çıxanı olubmu?

- Yerli və qeydiyyatdan keçirilən xarici kartof sortları çoxdur. Bundan əlavə, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun seleksiya yolu ilə ərsəyə gətirdiyi yerli sortlar da var. Keçən il patenti alınmış 4 növün də artıq toxumçuluğu aparılır. Əlavə olaraq 5 yeni sort sınaqdadır. Bu il gözləyirik ki, onlara da patent veriləcək və onların toxumçuluğunu təşkil edəcəyik. Beləliklə, ümumilikdə ondan çox yerli sort var ki, fermerlə onu əkirlər.

Gədəbəyin məşhur “Telman” sortu var. Bəzən ona “Ağçiçək” də deyilir. Bu, institutun alimləri tərəfindən seleksiya yolu ilə ərsəyə gətirilən sortdur. Azərbaycanda ən keyfiyyətli və brend məhsul sayılır. “Telman”ın satış qiyməti digər kartof növlərindən fərqlənir. Bu sortu ölkəmizdə tanımayan yoxdur.

“Telman” sortu haqqında müxtəlif əfsanələr var. Çoxları deyir ki, guya bu sortu Telman adlı bir Kamaz şoferi gətirib. Əslində, bu sortu mərhum alim Zeynəddin Əmirov ərsəyə gətirib. Telman da alimin oğlunun adıdır.

- Kartof Azərbaycanda ikinci çörək hesab olunur və bu tərəvəz gündəlik istehlak zənbilində əsas yer tutur. Təşviq mexanizmi kimi istehsalçılara hansı güzəştlər olunur?

- Qeyd etdiyimiz kimi, əhalinin illik kartof istehlakı 1 milyon tondur. Az qala bütün yeməklərin içərisində kartof var. Hətta kabab yeyəndən sonra axırda kartof kababı da istəyirlər.

Toxumçuluqla bağlı dövlətin tədbirlər planı var. Digər bitkilər kimi, toxumluq kartof üçün də dövlət tərəfindən subsidiya ödənilir. Əkin üçün isə ayrıca subsidiya var.

- Kartofun satınalma qiyməti fermerləri qane etmir. İri ticarət şəbəkələri və ya topdansatış mərkəzləri fermerlərin gördüyü işlərin qiymətini çox aşağı hesablayır...

- Bununla bağlı konkret məlumatlı deyiləm. Amma bütün dünyada topdansatışda qiymətlər aşağı, pərakəndədə bir az yüksək olur. Bazarın tələbi belədir. Tələb və təklifi bazar tənzimləyir, buna heç kim müdaxilə etmir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər