12 Aprel 2023 20:30
1 847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə Bolqarıstan arasında imzalanan 13 illik müqavilə çərçivəsində Bolqarıstana ilk qaz nəqli həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, “Marmara Ereğlisi” LNG Terminalında süzənlənən mərasimdə Bolqarıstanın Energetika naziri Rosen Xristov, BOTAŞ-ın baş direktoru Burhan Özcan və “Bulgargaz”ın baş direktoru Denitsa Zlateva iştirak edib.

Burhan Özcan bugünkü tədarükün təxminən 55 milyon kubmetr, illik tədarükün isə 1,5 milyard kubmetr olacağını deyib: “Tələb artarsa, həcm də artacaq. Texniki olaraq bu imkana sahibik.

Yatırılan sərmayələrlə Türkiyənin gündəlik LNG qazlaşdırma qabiliyyəti 161 milyon kubmetrə çatır. Bu, ildə 50 milyard kubmetrdən çox təbii qazın qazlaşdırılmasına uyğundur. Ona görə də biz bu artan və güclü infrastrukturu qonşumuz Bolqarıstanın, eləcə də digər Avropa ölkələrinin istifadəsinə açırıq”.

Bolqarıstanın Energetika naziri Rosen Xristov isə müqavilənin təkcə ölkəsi üçün deyil, bütün Cənub-Şərqi və Mərkəzi Avropa üçün vacib olduğunu diqqətə çatdırıb: “Enerji təhlükəsizliyi deyildikdə təkcə bir ölkəni deyil, bütün regionu qeyd etmək lazımdır. Ona görə də BOTAŞ-la əməkdaşlığımız praktiki olaraq bütün Avropanın enerji təhlükəsizliyini təmin edir.

Bu daşınma bir başlanğıcdır. Hazırda təbii qaz və enerji sahəsində bütövlükdə əməkdaşlıq edə biləcəyimiz digər layihələr üzərində işləyirik. Biz Türkiyəni etibarlı tərəfdaş kimi görürük və əməkdaşlığımızı mütləq genişləndirəcəyik. Aprelin 25-26-da Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın infrastrukturunu genişləndirəcək, Cənub-Şərqi və Mərkəzi Avropaya Azərbaycandan artan həcmdə qaz tədarük etməyə imkan verən daha bir saziş imzalayacağıq”.

Qeyd edək ki, yanvarın 3-də Türkiyə ilə Bolqarıstan arasında imzalanan müqaviləyə əsasən, Bolqarıstan 13 il ərzində Türkiyədən ildə təxminən 1,5 milyard kubmetr qaz tədarük edəcək.


Müəllif: Yeganə Oqtayqızı