Qlobal iqlim dəyişikliyinin təsirləri ilə əlaqədar olaraq hava balansı pozulub, su ehtiyatları tükənir.
Azərbaycan su qıtlığı problemindən xilas olmaq üçün Xəzər dənizinin suyunun şirinləşdirilməsi istiqamətində pilot layihə həyata keçirilir.
Su məsələləri üzrə ekspert Rövşən Abbasov Teleqraf.com-a açıqlamasında bildirib ki, qlobal problemlər arasında ən vacibi su məsələsidir.
Onun müşahidələrinə əsasən, dəniz suyunun şirinləşdirilməsi dünya ölkələrində geniş tətbiq olunan bir təcrübədir: “ABŞ, İspaniya, Almaniya, Səudiyyə Ərəbistanı, İsrail, Qətər, Bəhreyn və Oman kimi dövlətlərdə dəniz suyu şirinləşdirilir. Qlobal iqlim dəyişmələri fonunda ölkələr daha çox dəniz suyunu şirinləşdirməyə meyl edirlər. Əsas səbəb ondan ibarətdir ki, əksər ölkələrdə atmosfer yağıntılarının miqdarı azalır, qlobal su qıtlığı yaranıb. Artıq dəniz suyuna alternativ şirin su mənbəyi kimi baxırlar.
Bu, fiziki bir prosesdir. Su duzdan ayrılır və şirinləşdirilir. Yəni dəniz suyunun tərkibində olan duzlar fiziki şəkildə ayrıldığı üçün su içməli su səviyyəsinə gətirilir”.
Mütəxəssis dəniz suyunu şirinləşdirməyin metodundan da danışıb: “Köhnə üsullarda əsasən qovulma metodundan istifadə olunurdu. Yəni su buxarlandırılırdı, təbii ki, bu zaman duz buxarlanmır. Daha sonra kondensasiya olunmuş su şirin suya çevrilirdi.
Müasir metodlar isə “Reverse Osmosis” üsuludur. Su molekulyar şəkildə membranlardan keçirilir. Bu zaman duz yox, su keçir. Nəticədə su şirinləşir.
Azərbaycanda bunun tətbiqi üçün geniş imkanlar var. Çünki Xəzər dənizinin duzluluğu okean suyunun duzluluğu ilə müqayisədə üç dəfə azdır. Bu o deməkdir ki, iqtisadi xərclər daha az olacaq və daha aşağı qiymətə şirin su əldə edəcəyik. Dünya səviyyəsində 1 000 (min) litr suyun qiyməti təxminən 0,5-2 dollar arasında dəyişilir. Bu Azərbaycanda daha ucuz ola bilər. Belə ki, 1 000 litr suyun satış qiymətlərini 1-2 manata qədər azaltmaq olar. Bu da iqtisadi baxımdan onu effektiv edəcək”.
Rövşən Abbasov dəniz suyunun şirinləşdirilməsi məqsədilə iki cür stansiyadan istifadə olunduğunu vurğulayıb: “Üzən platformalar birbaşa dənizin üzərində quraşdırıldığında xərclər daha az olur. Çünki su birbaşa dənizdən götürülüb şirinləşdirilir.
Həmçinin sahildə istənilən bir yerdə quraşdırıla bilən stansiyalar da var.
Sudan ayrılan duzdan da istifadə etmək olar. Bu cür stansiyalarda alınan sudan başqa, həm də alınan duzdan sənaye duzu kimi, eləcə də emal prosesindən sonra isə xörək duzu kimi istifadə etmək olar. Bu da layihənin iqtisadi səmərəliliyini artırır”.
Müsahibimiz deyir ki, dəniz suyunu şirinləşdirməklə Abşeron yarımadası, Qaradağ, Ələt, Pirallahı, Zirə və Salyan rayonu ərazilərində içməli suya olan tələbatını qarşılamaq olar: “Adıçəkilən ərazilərin özünün su mənbəyi yoxdur. Bunun üçün çox geniş imkanlar var. Əvvəla bu ərazilərdə dəniz suyu çox təmizdir, onu yalnız duzdan ayırmaq tələb olunacaq.
Abşeron yarımadasının su mənbəyi yoxdur, burada istifadə olunan suyun hamısı ölkənin digər rayonlarından gətirilir. Yarımadada Xəzər dənizinin suyundan istifadə onu iqtisadi baxımdan daha effektiv edər. Nəticədə su daha az məsafə qət edib istehlakçılara daha tez çatdırılır ki, bu da vacib bir məsələdir.
Şirinləşdirilmiş sudan istənilən məqsədlər üçün istifadə etmək olar.
Azərbaycanın Çilov, Pirallahı və digər adalarında dəniz suyunu şirinləşdirib istifadə etmək olar. Əgər gələcəkdə adalarda turizm inkişaf etdirilərsə, bu zaman su mənbəyi kimi Xəzər dənizi nəzərdən keçirilə bilər. Artıq neçə illərdir ki, Türkmənistanın Xəzər sahillərində dəniz suyu şirinləşdirilir. Çox kiçik miqyasda olsa da, Azərbaycanda da belə təcrübələr var. Hazırkı pilot layihə isə bu istiqamətdə atılmış çox böyük addım olacaq”.