17 Aprel 2023 13:57
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Operativ Qərargahın gələn aydan quru sərhədlərin mərhələli şəkildə açılması ilə bağlı qərar qəbul etməsi məqsədəuyğundur”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, quru sərhədlərinin açılması hazırda ən çox müzakirə edilən məsələlərdəndir:

“Azərbaycanda quru sərhədlərin bağlanması birbaşa pandemiya ilə əlaqədar idi. Bununla belə, artıq karantin rejimi ilə bağlı əsas məhdudiyyətlər aradan qaldırılıb. Buna görə də, Operativ Qərargah tərəfindən, xüsusən qonşu ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq gələn aydan quru sərhədlərin mərhələli şəkildə açılması ilə bağlı qərar qəbul edilməsi məqsədəuyğun olardı. Əksər region ölkələrində, o cümlədən qardaş Türkiyə və qonşu Gürcüstanda epidemioloji vəziyyət nəzarət ediləcək həddədir. Artıq Türkiyə ilə quru sərhədlər açılıb, amma yalnız Naxçıvanda qeydiyyatda olan vətəndaşlarımız gedə bilər”.

Vüqar Bayramov mərhələli şəkildə ilk olaraq Türkiyə və Gürcüstanla quru sərhədlərin tam açılması yönündə qərar verilməsini təklif edir: “Təbii ki, daha sonra digər qonşu ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq həmin ölkələrlə quru sərhədlərin açılması məsələsi müzakirə oluna bilər. Lakin Türkiyə və Gürcüstanla Azərbaycanın strateji əməkdaşlığının olduğunu, yoluxma sayını nəzərə alsaq, hər iki ölkə ilə mərhələli şəkildə daha qısa zamanda quru sərhədlərin açılması məqsədəuyğun olardı.

Təbii ki, quru sərhədlərin açıq olması iqtisadi baxımdan məqsədəuyğundur. Çünki bu, turizmə təsir göstərən əsas faktorlardan biridir. Xüsusən nəzərə alsaq ki, Azərbaycana gələn turistlərin təxminən 70 faizi quru sərhədi olan ölkələrdən gəlir. Bu, eyni zamanda Azərbaycan vətəndaşları üçün daha asan qonşu ölkələrə səfər imkanları baxımdan da vacibdir. Ona görə quru sərhədlərin açılması iqtisadi baxımından da əhəmiyyətlidir.

2023-cü ildə regionda və qlobal olaraq epidemioloji vəziyyətin yumşalması Azərbaycanda da quru sərhədlərin açılmasını daha da aktuallaşdırıb”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər