2 May 2023 18:16
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanda qazın qiymətləri Azərbaycandan qaz tədarükü sayəsində may ayında aprel ilə müqayisədə 21 faiz ucuzlaşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Bolqarıstanın Enerji və Su Tənzimləyici Komissiyasının (EWRC) məlumatında deyilir.

May ayında bir meqavatın qiyməti aprel ayındakı 98,16 levlə müqayisədə 77,55 lev (43,60 ABŞ dolları) səviyyəsində müəyyən edilib.

"EWRC"-dan bildiriblər ki, Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə qaz tədarükləri rəqabətqabiliyyətli qiymətlər əldə etməyin həllidir.

Qaz qiymətlərinin ucuzlaşmasına səbəb olan əsas faktorlar Avropanın spot bazarlarında qiymətlərin ucuzlaşması və qaz istehlakı həcminin azalması yönündə tendensiyalardır.

May ayı üzrə qiymətlər toplusuna IGB ilə nəql olunan Azərbaycan qazının bütün həcmi daxildir ki, bu da Bolqarıstanın bu aykı istehlakının 62,65 faizini əhatə edəcək. Bolqarıstanın dövlət qaz tədarükçüsü “Bulgargaz” da maye təbii qazı topluya əlavə edib.

Ətraflı

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.

Hazırki istilik mövsümünün əvvəlindən IGB Bolqarıstanda təbii qaz ehtiyacının təqribən üçdə birini təmin etməkdədir. Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.

Azərbaycanla saziş üzrə layihənin əsasını 1 milyard kubmetr tədarük təşkil etdiyi halda, IGB digər yükgöndərənlər tərəfindən rezerv edilmiş uzunmüddətli imkanlara da malikdir. Bunların əksəriyyəti Bolqarıstan bazarı üçün tamamilə yenidir. Yunanıstan-Bolqarıstan interkonnektoru 2024-cü ildə bir neçə qaz mənbəyinə çıxış əldə edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər