“ABŞ-da inflyasiyanın gedişatında yaxşılaşma bu il ərzində qarışıqdır. İnflyasiyanın qarşısını almaq üçün irəli sürülən pul siyasətinin iqtisadiyyata nüfuz etməsi vaxt tələb etsə də, işlər yolunda gedir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden tərəfindən namizədliyi Federal Ehtiyat Sisteminin (FED) sədr müavini vəzifəsinə irəli sürülən Filip Cefferson deyib.
Cefferson pul siyasətinin inflyasiya və iqtisadiyyata uzun müddətli və fərqli şəkildə təsir etdiyini bildirib: “FED-in sürətli sərt pul siyasətinin təsirləri qarşıdakı dövrdə görünəcək”.
O, mart ayında gözlənilmədən ucuzlaşan ikinci əl motorlu nəqliyyat vasitələrinin qiymətləri istisna olmaqla, əsas kateqoriyada olan məhsullarda inflyasiyanın gözlənildiyindən daha yavaş inkişaf etdiyini bildirib.
Qeyd edək ki, Bayden Ceffersonu FED İdarə Heyətinin sədr müavini vəzifəsinə irəli sürməkdən qürur duyduğunu bildirib. Bayden namizədinin FED sədr müavini olaraq tez bir zamanda təsdiqlənməsini gözlədiyini də bildirib.