16 May 2023 13:33
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Konqres borc limitini iyunun 1-nə qədər qaldırmasa və ya dayandırmasa, Xəzinədarlıq ABŞ hökumətinin bütün öhdəliklərini yerinə yetirə bilməyəcək”.

Teleqraf.com xəbər verir ki, bu, ABŞ-ın Maliyyə naziri Canet Yellenin Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkartiyə borc limiti ilə bağlı yenilənmiş məlumatları bölüşmək üçün yazdığı yeni məktubda öz əksini tapıb.

Sözügedən məktubda nazir əks halda ölkənin nağd pul çatışmazlığı ilə üzləşəcəyini qeyd edib: “Bu təxminlər mövcud məlumatlara əsaslanır. Federal gəlirlər, xərclər və borclar bu təxminlərdən fərqli ola bilər. Daha çox məlumat əldə olunduqca gələn həftə Konqresə əlavə məlumat veriləcək.

Keçmiş borc limiti tələlərindən öyrəndik ki, borc limitinin dayandırılması və ya artırılması üçün son dəqiqəyə qədər gözləmək biznes və istehlakçıların inamını ciddi şəkildə zədələyə, vergi ödəyiciləri üçün qısamüddətli borclanma xərclərini artıra, eləcə də ABŞ-ın kredit reytinqinə mənfi təsir göstərə bilər”.

Yellen artıq iyunun əvvəlində vaxtı çatan qiymətli kağızlar üçün Xəzinədarlığın borclanma xərclərinin əhəmiyyətli dərəcədə artdığını gördüklərini bildirib: “Konqres borc limitini artıra bilməsə, bu, amerikalı ailələr üçün ciddi çətinliklər yaradacaq, ölkənin qlobal rəhbərliyinə zərər verəcək və onun milli təhlükəsizlik maraqlarını müdafiə etmək qabiliyyətinə dair suallar doğuracaq”.

Yellen Konqresə mümkün qədər tez addım ataraq ABŞ-ın reputasiyasını qorumaq çağırışını təkrarlayıb.

Qeyd edək ki, ABŞ-da federal hökumət defolta səbəb ola biləcək 31,4 trilyon dollarlıq borc həddinə çatıb.


Müəllif: Yeganə Oqtayqızı