17 May 2023 11:54
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Günay Bank” ASC-nin bağlanması xəbəri bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə təhlükə yaratmayacaq. Bununla da ölkədə fəaliyyət göstərən bankların sayı 24-ə düşdü.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev deyib.

İqtisadçı qeyd edib ki, proses bununla dayanmayacaq: “Bir neçə bank var ki, onların bağlanmaq ehtimalı yüksəkdir. Bu, həm də ölkədə aparılan bank siyasətinin tərkib hissəsidir. Bu siyasət ondan ibarətdir ki, neft pullarının azalması fonunda Azərbaycan iqtisadiyyatı üçün mövcud bank sayı çoxdur. Son 10 ildə bankların sayı 45-dən 24-ə endirilib. Yaxın illərdə onların sayı 20-dən də aşağı düşəcək. Bunun həm də dünyada blokçeyn texnologiyasının tətbiqi fonunda müşahidə edilən bankların sayının azaldılması tendensiyası da tələb edir”.

Qeyd edək ki, Mərkəzi Bankın 16 may tarixli qərarı ilə “Günay Bank” ASC bağlandı. Mərkəzi Bank əsas kimi “Banklar haqqında” Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə istinad edərək Bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olmasını, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasını, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyini göstərib.

Məlumat üçün bildirək ki, 1992-ci ildə yaradılan “Günay Bank” ASC-nin sahibləri Mahmud Məmmədov və Yeganə Şirinovadır. Mərkəzi Bank açıqlamasında qeyd edib ki, “Günay Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edir.

2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq. Bankın fəaliyyət göstərdikləri filialların sayı 10, şöbələrin və valyuta mübadilə məntəqələrinin sayı isə 4 olub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər