12 May 2014 15:17
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadçı ekspert Rövşən Ağayev Azərbaycan-Fransa iqtisadi əlaqələrindən danışıb. Teleqraf.com-un məlumatına görə, ekspert deyib ki, iki ölkə arasında münasibətlər heç də hökumət rəsmilərinin dediyi kimi yüksək səviyyədə deyil:

“Rəsmilərin dediyinə görə, Azərbaycanda Fransanın 50-dək şirkəti fəaliyyət göstərir. Heç bir rəsmi mənbədən həmin şirkətlərin kataloqunu əldə edə bilmədik. 50 kiçik rəqəm deyil. Azərbaycanda bu qədər Fransa şirkəti çalışırsa, onların iqtisadiyyatımıza hansı töhfələri var? Böyük sərmayələr qoyurlarmı? İnandırıcı görünmür.

Rəsmi məlumata görə, son illər Fransa şirkətlərinin ümumi xarici sərmayələrdə payı 5 faiz ətrafında olub. 2012-ci ildə Azərbaycan iqtisadiyyatına qoyulan Fransa sərmayəsinin həcmi 160 milyon təşkil edib. Rəsmi məlumat olmadığına görə ehtimalla vurğulamaq lazım gəlir ki, həmin sərmayənin əhəmiyyətli hissəsi neft sektoruna bağlıdır. Məlum olduğu kimi, “Total” şirkəti “Şahdəniz” layihəsində 10 faiz, “Abşeron” yatağının işlənməsində 40 faiz paya malikdir.

Fransa şirkətləri hansısa rəqabət qabiliyyətli məhsul və xidmətlərin yaradılmasına, qabaqcıl texnologiyaların ölkəyə gətirilməsinə, yeni iş yerlərinin yaradılmasına töhfə verirmi? Təsdiq və izahedici rəsmi məlumatlar tapmaq mümkün deyil. Amma qarşılıqlı xarici ticarətin vəziyyəti ən yaxşı güzgü və bələdçidir. Rəsmi mənbələrə görə, 2013-cü ildə Azərbaycandan Fransaya 1,132 milyard dollar məhsul ixrac edilib. İxracın 95,2 faizi və ya 1,126 milyard dolları bilavasitə xam neft və neft məhsulları olub. Qeyri-neft ixracımız 4-5 məhsul çeşidi üzrə cəmi 5,5 milyon dollar təşkil edib. Lakin həmin dövrdə Azərbaycan Fransadan azı 650 əmtəə çeşidi üzrə 426 milyon dollarlıq mal idxal edib. Neftimizi saymasaq, Fransa bizim üçün qarşılıqlı iqtisadi əlaqələrdən faydalana bilmədiyimiz ölkədir. Amma kiçik Azərbaycan böyük Fransanın az qala 700 əmtəəsi üçün bazardır”.


Müəllif: