“Avropa Mərkəzi Bankı (ECB) inflyasiya ilə mübarizədə qərarlıdır və faiz dərəcələrini kifayət qədər məhdudlaşdırıcı səviyyələrə çatdıracaq”.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard (Christine Lagarde) bankın 25 illik yubileyi ilə bağlı yazdığı bloqda qeyd edib.
O bildirib ki, ECB COVİD-19 epidemiyasında elan etdiyi tədbirlərə tez cavab verib: “Bank bu gün qeyri-adi yüksək inflyasiyanın aşağı salınması üçün eyni qətiyyətlə hərəkət edir. Uzun illər çox aşağı səviyyədə qaldıqdan sonra inflyasiya indi çox yüksəkdir və uzun müddət belə qalacaq. Bu, pulun dəyərini, onun alıcılıq qabiliyyətini aşağı salır. Eyni zamanda avrozonadakı insanlara və şirkətlərə təsir edir. Xüsusilə də cəmiyyətin ən həssas seqmentlərinə mənfi təsiri var”.
Laqard ECB-nin inflyasiyanı orta müddətli 2 faizlik hədəfinə qaytaracağını vurğulayıb: “Heç vaxt asan olmayıb. Bununla belə, məndən əvvəl ECB prezidentlərinin rəhbərliyi altında bank həmişə yaxşı və pis iqtisadi dövrlərdə öz mandatını yerinə yetirməklə Avropanın gələcəyinin əsaslarını gücləndirməkdə diqqətli olub”.