27 May 2023 23:46
1 829
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əldə olan son məlumatlara əsasən, Konqresin Nümayəndələr Palatası iyunun 5-nə qədər borc limitini dayandırmasa və ya artırmasa, Xəzinədarlığın hökumətin öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər resursunun olmadığını təxmin edirik”.

Teleqraf.com xəbər verir ki, bu, ABŞ Maliyyə Naziri Cannet Yellenin Palatanın spikeri Kevin Makkartiyə borc limiti ilə bağlı yenilənmiş məlumatları bölüşmək üçün yazdığı növbəti məktubunda qeyd olunub.

Nazir Konqresi mümkün qədər tez hərəkətə keçməyə çağırıb: “İyunun ilk iki günündə 130 milyard dollardan çox planlaşdırılmış ödənişlər ediləcək. Bu ödənişlər Xəzinədarlığı son dərəcə aşağı səviyyəli resurslarla tərk edəcək. İyun 5-i həftəsi üçün təqribən 92 milyard dollarlıq ödəniş və köçürmə planlaşdırılır, ona görə də Xəzinədarlığın resursları bu öhdəlikləri yerinə yetirmək üçün kifayət etməyəcək”.

Yellen qeyd edib ki, keçmişdəki bəzi borc limiti hadisələrində görülən əlavə tədbirdən istifadə edilir: “Qalan resursların ən aşağı səviyyəsi hökumətdən defoltdan qaçmaq üçün mövcud fövqəladə tədbirləri görməyi tələb edir. Borc limitini dayandırmaq və ya artırmaq üçün son dəqiqəyə qədər gözləmək biznes və istehlakçı inamını ciddi şəkildə zədələyə bilər. Vergi ödəyiciləri üçün qısamüddətli borclanma xərcləri artıra bilər və ABŞ-ın kredit reytinqinə mənfi təsir göstərə bilər.

Əgər Konqres borc limitini qaldıra bilməsə, bu, amerikalı ailələr üçün ciddi çətinliklər yaradacaq, qlobal liderlik mövqeyimizi sarsıdacaq və milli təhlükəsizlik maraqlarımızı müdafiə etmək qabiliyyətimizlə bağlı suallar yaradacaq. Konqresi ABŞ-ın reputasiyasını qorumaq üçün mümkün qədər tez addım atmağa çağırıram”.

Təhlilçilər bildirir ki, Konqresin iyunun 5-dən əvvəl borc limitini qaldırmaması maliyyə bazarlarını sarsıdacaq və ABŞ iqtisadiyyatını dərin tənəzzülə sürükləyən defolta səbəb ola bilər.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər