ABŞ Xəzinədarlığının nağd pul səviyyəsi 38,8 milyard dollara düşüb. Bu nisbət əvvəlki gün 49,5 milyard dollar səviyyəsində olub.
Teleqraf.com xəbər verir ki, nağd pul qalığı ilə bağlı məlumatı ABŞ Maliyyə Nazirliyi açıqlayıb.
Mövcud nağd pulun həcmi borc limiti ilə bağlı danışıqların davam etdiyi 2017-ci ildən bəri ən aşağı səviyyə hesab olunur.
“Goldman Sachs” ABŞ Maliyyə Nazirliyinin nağd pul səviyyəsinin iyunun 8-9-na kimi 30 milyard dollardan aşağı düşəcəyini proqnozlaşdırır.
Qeyd edək ki, ABŞ yanvarın 19-da 31,4 trilyon dollarlıq borc həddinə çatıb. Maliyyə Nazirliyi limiti keçməmək üçün fövqəladə tədbirlər görməyə başlayıb.
Xəzinədarlıq Departamenti xəbərdarlıq etdi ki, fövqəladə tədbirlər iyunun əvvəlinə qədər tükənə bilər. Tarixin yaxınlaşmasına baxmayaraq, Ağ Evlə Respublikaçılar arasında büdcə limitinin artırılması ilə bağlı danışıqlar irəliləsə də, hələlik razılıq əldə olunmayıb.