5 İyun 2023 17:36
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə lirəsi dollara nisbətən yenidən dəyər itirib. Son 1 ayda 8 faiz ucuzlaşan Türkiyə valyutasının çarpaz olaraq digər əksər valyutalara nisbətən də dəyəri azalıb. Hazırda 1 ABŞ dolları almaq üçün 21.22 lirə ödəmək lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat vurğulayıb ki, hətta sektorda kifayət qədər yüksək güvənli hesab edilən Mehmet Simşəyin Maliyyə naziri təyin olunması belə, lirənin ucuzlaşmasının qarşısını ala bilməyib:

“Prezident və parlament seçkisindən sonra lirənin dəyər itirəcəyi gözlənilən idi. Seçkinin başa çatmasına baxmayaraq, Türkiyənin bir sıra Qərb dövlətləri ilə münasibətləri hələ də soyuq hesab olunur. Bu isə xarici valyuta təklifinə birbaşa təsir göstərir. Türkiyə Mərkəzi Bankının net forex ehtiyatlarının tarixi minimumadək azalması da xarici valyutaya olan tələbin ödənilməsində çətinliklər yaradır.

Bununla belə, yeni maliyyə naziri təyinatından sonra valyuta bazarı ilə daha çox qarşılıqlı əlaqənin olacağı və prudensial (bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş normativlərə, qaydalara, tələblərə və göstərişlərə əsaslanmış düşünülmüş davranış, idarəetmə və nəzarət üsulu-red.) tələblərin yumşalacağı gözlənilir. Ayındır ki, bu ilin aprel ayında rəsmi inflyasiyanın 43.7 faiz olduğu Türkiyədə valyuta stabilliyinə nail olmaq zaman alacaq. Ancaq yeni kabinetdə maliyyə-iqtisadi sfera üzrə təyinatlar orta müddətli dövrdə stabilliyə nail olmaq imkanlarını xeyli genişləndirir. Görünən odur ki, yeni kabineti qarşıda heç də asan olmayan çağırışlar gözləyir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər