9 İyun 2023 14:27
1 487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) sədri vəzifəsinə yeni təyinat olub.

Teleqraf.com xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Hafizə Qayə Ərkan (Hafize Qaye Erkan) TCMB-yə ilk qadın prezident təyin edilib.

1982-ci ildə İstanbulda anadan olan Erkan 2001-ci ildə Boğaziçi Universitetinin Sənaye Mühəndisliyi fakültəsini bitirib.

Təhsilini ABŞ-da davam etdirən Erkan 2005-ci ildə Prinston Universitetində əməliyyat tədqiqatları və maliyyə mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb. Harvard Biznes Məktəbində idarəetmə elmləri və Stenford Universitetində liderlik üzrə iki təlim proqramını da bitirib.

Hafize Qaye Erkan karyerasına 2005-ci ildə “Goldman Sachs”da başlayıb. Orada işlədiyi 9 il ərzində ABŞ-ın iri bank və sığorta şirkətlərinin direktorlar şuralarına və yüksək səviyyəli menecment qruplarına balansın idarə edilməsi, stress testi, kapitalın planlaşdırılması, risklərin idarə edilməsi, birləşmə və satınalmalar üzrə məsləhət xidmətləri göstərib.

2014-cü ildə “First Republic Bank”da işə başlayan Erkan, burada çalışdığı 8 il ərzində həmsədr, sədr, idarə heyətinin üzvü, investisiya direktoru, depozit direktoru və risk üzrə ortaq direktor vəzifələrində çalışıb.

O, baş ofisi ABŞ-da yerləşən zərgərlik şirkəti “Tiffany & Co”da 2 il idarə heyətinin üzvü olub.

“San Francisco Business Times”ın 2018-ci il araşdırmasına görə, Erkan Amerikanın 100 ən böyük bankında prezident və ya CEO titulu daşıyan 40 yaşdan kiçik yeganə qadındır. Elə həmin il o, “San Francisco Business Times”ın "40 Under 40 List" və “Crain New York Business”in "40 Under 40 List" siyahısına daxil edilib.

Bankçılıq, investisiya, risklərin idarə edilməsi, texnologiya və rəqəmsal innovasiya sahələrində təcrübəyə malik olan Erkan, eyni zamanda Princeton Universitetinin Əməliyyat Tədqiqatları və Maliyyə Mühəndisliyi Departamentinin Məsləhət Şurasının üzvüdür.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər