Türkiyədə yeni hökumətin işə başlayandan sonra əsas gündəm maddəsi olan iqtisadiyyatla bağlı atılacaq addımların əsas çərçivəsi ortaya çıxmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşekin rəhbərliyi ilə hazırlanan Orta Müddətli Plan (MTP) çərçivəsində atılacaq bütün addımlar bir təqvimə bağlıdır.
Əldə edilən məlumata görə, iqtisadiyyatda seçki dövründə hazırlıqlarına başlanılan yeni yol xəritəsinin “ağrısız” olması üçün bütün şərtlər məcburi olacaq. Qənaət dövlət sektorundan başlayacaq və israfçılığa yol verilməyəcək. Dövlət investisiyaları üçün yeni planlama aparılacaq. Valyuta Qorunan Depozit (KKM) tətbiqi mərhələli şəkildə dayandırılacaq.
Hakim AKP tərəfindən ortaya qoyulmuş qiymətləndirmələrdə Şimşəkin həyata keçirəcəyi yeni siyasətlərlə iqtisadiyyatda göstəricilər 1 ilyarım ərzində sabitləşəcək, inflyasiyanın tək rəqəmə enməsi 2 ilə başa gələcək.
Yeni iqtisadi proqramın açıqlanması və xarici siyasətdə atılacaq bəzi yeni addımların qatqısı ilə Türkiyəyə 50-si Körfəz ölkələrindən, 50-si Qərbdən olmaqla ən az 100 milyard dollarlıq xarici sərmayə daxil olacaq.
Digər tərəfdən, AKP-nin təqaüdçülərə və işçilərə seçki öncəsi verdiyi vədlər yerinə yetiriləcək.
Ən aşağı məmur maaşının 22 min lirə olacağı, təqaüdçüyə iyul ayında inflyasiya fərqi ilə rifah payının veriləcəyi, ən aşağı pensiya həddi olan 7 min 500 lirənin üzərində maaşların yeni mərhələli artımı üçün açıqlanan vədlərdən geri dönüş olmayacaq.