Vergilər Nazirliyi 2014-cü ildə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər barədə məlumat yayıb.
Nazirliyin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, tədbirlər zamanı 53909 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb. 29025 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 9830 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 7823 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib. 3490 vergi ödəyicisi tərəfindən 4751 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 2842 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 899 vergi ödəyicisində 10822 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mal olduğu aşkarlanıb.Aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.
Naibə QURBANOVA