28 İyun 2023 00:42
1 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sertifikasiya imtahanlarından sonra əməyin diferensial qiymətləndirilməsi baxımından maaşların artımı sisteminin daha da təkmilləşdirilməsi vacibdir".

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Elm və Təhsil Nazirliyi tərəfindən əməyin keyfiyyət meyarları əsasında qiymətləndirilməsi təqdirəlayiqdir. O, bu məsələdə nazirliyə tam dəstəyini nümayiş etdirdiyini vurğulayıb: “Sertifikasiya imtahanlarının nəticələrinə uyğun olaraq əməkhaqqı artımları üzrə faizlərin tam diferensial ölçülməsi vacibdir. Mövcud qaydalara əsasən, 30 və 50 bal aralığında nəticə göstərən müəllimlərin əməkhaqqılarına 10 faiz əlavələr olunur. 51 bal və ya daha yüksək nəticə göstərən müəllim hər ay 35 faiz əlavədən istifadə edə bilir.

Təklifimiz diferensial intervalları daha da genişləndirməklə bağlıdır. Praktik olaraq 50 bal yığmış müəllimin əməkhaqqı artımı 30 bal yığmış müəllimlə eynidir. Yəni, sualların 83.3 faizini düzgün cavablandıran müəllim 50 faiz doğrusu olanla eyni əməkhaqqı artımından faydalana bilir - 10 faiz əlavə artım. Digər tərəfdən, sualların hamısını cavablandıranla 51 faiz doğrusu olanın da əməkhaqqı artımı eynidir”.

Deputat ədalətli qiymətləndirmə üçün aşağıdakı formulu təklif edir: “Əməkhaqqı artımı 30-35 bal arası nəticəsi olan müəllimlərimiz üçün 10 faiz, 35-40 bal toplayanlar üçün 15 faiz, 40-45 bal toplayanlar üçün 20 faiz, 45-50 faiz arası bal toplayanlar üçün 30 faiz, 50-55 arası balı olanlar üçün 35 faiz, 50-60 arası nəticəsi olanlar üçün 40 faiz.

Bu əməyin daha ədalətli qiymətləndirilməsinə imkan yaratmaqla yanaşı, müəllimlər arasında daha yüksək elm və təhsilə təşviqin gücləndirilməsinə səbəb ola bilər.

Qeyd edim ki, bu təklifləri Milli Məclisin iclasında yenidən rəsmi olaraq təqdim etməyi planlaşdırıram”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər