Elektrotexnika mağazası “World telecom” son reklamına görə tənqid olunub.
Belə ki, mağazalar şəbəkəsinin rəsmi feysbuk səhifəsində kampaniyası barədə paylaşdığı reklam sosial mediada kəskin qınanılıb.
Şirkət ötən gün - iyulun 4-də gecə 00:01-də Xəzər dənizində baş verən, Azərbaycanın şimal-şərq bölgəsində, Abşeron və Bakıda hiss olunan zəlzələ ilə özünü reklam edib. Sosial mediada minlərlə istifadəçinin sərt reaksiyasına tuş gələn şirkətin rəsmi feysbuk səhifəsi paylaşımı silsə də, ekran görüntüləri durmadan yayılıb.
Teleqraf.com məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxlayıb.
Mağazanın satış müdiri Elvin Qasımlı sözügedən paylaşımın yanlış olduğunu vurğulayıb: “Bu paylaşımı şirkətin SMM xidməti icazəsiz edib. Biz onu dərhal işdən azad etmişik. Həmin əməkdaşa niyə belə bir post paylaşdığını sual etdik. Arqumenti bu oldu ki, baş verən zəlzələ yüngül olduğu üçün sevincimizdən belə bir post paylaşdıq. İndi SMM üzrə əsasən cavan insanlar işləyir, düşünmədən belə bir addım atıb. Əlbəttə, bu qərar səhvdir. Çünki gecə belə bir postun paylaşılması ilə bağlı rəhbərlikdən razılıq alınmamışdı. Bu nöqteyi-nəzərdən başa düşürük ki, bu səhv qərardır.
İnsanların duyğuları üzərindən satış etmək məqsədilə post paylaşmaq qəbuledilməzdir. Bütün iradları qəbul edirik. Başa düşürük ki, 25 illik şirkət bu gün xalqımız sayəsində fəaliyyət göstərir. Ona görə də, xalqımızın qorxusuna da, kədərinə də, sevincinə də daim şərikik”.