“Özəl pensiya fondunun yaradılması üçün normativ hüquq sənədlərin hazırlanması istiqamətində işlər görülür. Hökumətdə müzakirələr yekunlaşandan sonra sənəd Milli Məclisə təqdim olunacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, özəl pensiya fondlarının yaradılması məsələsi uzun müddətdir müzakirə olunur: “Demək olar, bütün inkişaf etmiş ölkələrdə bu təcrübədən istifadə olunur. Həmin dövlətlərin təcrübəsi göstərir ki, vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər. Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, həmçinin özəl pensiya fondundan da pensiya ala bilsin. Yəni, bir deyil, iki mənbədən vəsait almaq pensiya məbləğinin artmasına gətirib çıxarır”.
Analitik hesab edir ki, oxşar praktikanın Azərbaycanda da tətbiqinə ehtiyac var: “Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlərə uyğun olaraq, məsələn, əlavə olaraq 300 manat almaq imkanı qazanacaq. Bu o deməkdir ki, vətəndaşımızın pensiyası bu halda 500 deyil, 800 manat olacaq.
Təbii ki, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir. Fondda vəsaitlər milli valyutada yığılır və onun idarə edilməsi həyata keçirilir. Ona görə də, burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması vacibdir. Bu baxımdan, təklif edirik ki, özəl pensiya fondlarının yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyası həyata keçirilsin, valyuta riskləri sığortalansın. Bütün riskləri nəzərə almaq üçün tam təkmil mexanizmin hazırlanması və təqdim edilməsi vacibdir. Bütün hallarda özəl fond vətəndaşlarımız üçün pensiyalarını artırmaq üçün yeni imkan olacaq”.