İsveçrənin “Institute for Management Development” (IMD) biznes-məktəbi 2023-cü il üçün dünya rəqabətqabiliyyətliliyi üzrə reytinq cədvəlini tərtib edib. Reytinqdə planetin 64 ölkəsi dörd kateqoriyaya bölünmüş 336 meyar əsasında qiymətləndirilib: iqtisadi göstəricilər, hökumətin effektivliyi, biznesin səmərəliliyi və infrastruktur.
Teleqraf.com xəbər verir ki, “IMD”nin hesabatına əsasən, dünyada ən rəqabətqabiliyyətli iqtisadiyyatı olan ölkə Danimarkadır.
Hesabatda bu ölkə biznesin səmərəliliyi sahəsində və infrastrukturda əla göstəricilər əldə edib.
İqtisadi vəziyyəti, beynəlxalq investisiyalar, eləcə də şirkətlərinin münasibəti və dəyərləri sayəsində İrlandiya bu kateqoriyada ikinci yerdədir.
Dünyanın ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkələrin ilk üçlüyünü İsveçrə tamamlayır. Bu ölkə maliyyə sabitliyinin qorunub saxlanması, pensiya sistemi və sosial təminat sisteminin dayanıqlılığının artması üçün inflyasiyanın nəzarətə alınması problemləri ilə üzləşdiyinə baxmayaraq, hesabatda infrastrukturu ilə bağlı əla qiymətlər alır.
Reytinqdə ilk onluqda, həmçinin Sinqapur, Niderland, Tayvan, Honkonq, İsveç, ABŞ və Birləşmiş Ərəb Əmirlikləri yer alıb.