14 Avqust 2023 12:16
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rubl “çökməkdə” davam edir. Bu gün Rusiya rublunun dollara nisbətən məzənnəsi psixoloji həddən aşağı düşüb. Artıq 1 dollar almaq üçün 100 rubldan çox vəsait ödəmək lazımdır. Son 2 ayda 22 faiz dəyər itirən rubl 2023-cü ildə 35 faizə yaxın ucuzlaşıb. Bu o deməkdir ki, bu il rubl ilə yığım edənlərin pulu real ifadədə dəyərinin 1/3-dən çoxunu itirib”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Rusiyanın enerji gəlirlərində də kəskin azalmalar qeydə alınıb: “Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, bu ilin birinci yarısında Rusiyanın neft ixracatı 120.4 milyard dollardan 77.4 milyard dollaradək azalıb. Bu o deməkdir ki, Rusiyanın neft gəlirlərində 65.0 faiz azalma var. Ümumi ixracatdakı azalmalar rubla təzyiqi daha da artırıb”

Rublun kəskin ucuzlaşmasının Azərbaycana təsirlərinə gəlincə, iqtisadçı məsələni bu cür izah edib: “Bu ilin ilk yarısında ölkəmizin 14 milyard 755 milyon dollarlıq ixracatının cəmi 3.5 faizi Rusiyanın payına düşüb. Deməli, ixrac yolu ilə ölkəyə daxil olan valyutanın strukturunda Rusiyanın payı olduqca azdır. Azərbaycanın 22 milyard 953 milyon dollarlıq ticarət dövriyyəsinin isə cəmi 8.3 faizini Rusiya formalaşdırıb.

Bu baxımdan, rublun ucuzlaşmasının Azərbaycana daxil olan valyutanın həcmi xüsusi təsirləri olmasa belə, Rusiyadan ölkəmizə göndərilən remitensinin (bir ölkədən digərinə göndərilən vəsait) həcminə təsirsiz ötüşməyəcək.

Rusiyada iqtisadi çətinliklər Azərbaycana göndərilən remitensilərin həcmini azalda bilər. Digər tərəfdən, rublun ucuzlaşmasının valyuta bazarımıza psixoloji təsirlərini də diqqətdən qaçırmaq olmaz. Bununla belə, rubl daxil olmaqla bir sıra tərəfdaş ölkə valyutalarının zəifləməsi manatın nominal effektiv məzənnəsini daha da möhkəmləndirir. Bu da qeyri-neft ixracatımıza təsirsiz ötüşməyə bilər.

Rusiyada fəaliyyətini davam etdirən Azərbaycanlı iş adamlarının həm yığımlarını, həm də sərmayə qoyluşlarını şaxələndirmələri çox vacibdir. Rusiya iqtisadiyyatı artıq yeni mərhələyə qədəm qoyub. Bu onun bütün qonşularından daha yaxşı hazırlıqlar tələb edir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər