Rusiya qazının Ukrayna ərazisindən tranzitinə son qoyulacağı təqdirdə Macarıstan onu “Türk axını” qaz kəməri ilə idxal etmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Szijarto açıqlayıb.
Nazir qeyd edib ki, ölkə qaz təchizatı mənbələrinin və marşrutlarının diversifikasiyası üçün tədbirlər görüb: “Türk axını” qaz kəmərinin olması çox vacibdir. Çünki kəmərin Macarıstana doğru 8,5 milyard kubmetr ötürmə qabiliyyəti var. Bu daşıyıcı uzunmüddətli müqavilə əsasında Rusiyadan gələn bütün qaz həcmini tamamilə götürə bilər”.
Qeyd edək ki, Macarıstan 2021-ci ildə imzalanmış 15 illik müqavilə çərçivəsində Rusiyadan qaz alır. Macarıstan Ukrayna, Slovakiya və Avstriya vasitəsilə ildə 1 milyard kubmetr qaz alır. Daha 3,5 milyard kubmetr “Türk axını”ndan, sonra isə Serbiyadan keçir.
Rusiya dəfələrlə Ukrayna ərazisindən qaz tranzitini dayandırmaqla hədələyib. Sonuncu belə bəyanat 2023-cü il iyulun 17-də Krım körpüsündə baş verən partlayışlardan sonra verilib.
Rusiya qazının Ukrayna ərazisindən tranzitinə dair müqavilə 2024-cü ildə başa çatır. Lakin 2023-cü il avqustun 16-da məlum oldu ki, Ukrayna qaz tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya Federasiyası ilə danışıqlar aparmayacaq.