Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, cari ilin iyulun 1-nə ölkədə 1 milyon 96 min nəfər pensiyaçı qeydiyyatda olub. Yəni, ölkə əhalisinin 10.8 faizi pensiyaçılardır. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyatda olan pensiyaçıların sayı 5,4 faiz azalıb. Yəni, ötən ilin iyul ayında Azərbaycanda pensiya alanların sayı daha çox idi.
Teleqraf.com xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov pensiyaçıların sayının azalmasının əsas səbəblərini açıqlayıb.
İqtisadçı hesab edir ki, pensiyaçıların sayının azalmasının səbəblərindən biri əlilliyə görə pensiya alanların sayında qeydə alınan ikirəqəmli düşüşdür: “Əlilliyə görə pensiya alanların sayı 16,4 faiz azalıb. Buna səbəb əlilliyin yenidən qiymətləndirilməsi zamanı imtinaların sayının əvvəlki dövrlərlə müqayisədə artması və meyarların dəyişdirilməsidir. Bu kateqoriya üzrə azalmalar ümumi pensiyaçıların sayına birbaşa təsir göstərib. Digər tərəfdən, ailə başçısını itirməyə görə pensiya alanların sayında da 9,7 faiz azalma qeydə alınıb”.
Deputat DSMF-in məlumatına istinadən bildirib ki, analoji dövrdə yaşa görə pensiya alanların sayı 0,4 faiz artıb: “Bu, yaşa görə pensiya alanların sayında kiçik də olsa, artımın qeydə alınması anlamına gəlir. Orta pensiya məbləği ötən ilin uyğun dövrü ilə müqayisədə 18,2 faiz artaraq 435,0 manat olub. Əmək pensiyasının minimum məbləği isə 16,7 faiz artırılaraq 2023-cü ilin fevralın 1-dən 280 manat müəyyən edilib.
Qeyd edim ki, pensiya islahatları çərçivəsində pensiya kapitalından daha səmərəli istifadə, minimum kapital yığımı ilə yanaşı orta həddin müəyyənləşdirilərək kapitalın həcmindən asılı olaraq daha erkən pensiyaya çıxmaq hüququnun verilməsi, pensiya kapitalının bir hissəsinin vərəsəyə transfer olunması hallarının müəyyənləşdirilməsi, qadın pensiyaçıların pensiya kapitalının xüsusi əmsala vurularaq artırılması kimi təkliflərimizi təqdim etmişik”.