1 Sentyabr 2023 12:49
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Bankın məlumatına görə, cari ilin 31 iyuluna Azərbaycanda kredit portfelinin həcmi 21 milyard 372 milyon manat olub. Bu, əvvəlki aya olan məbləğlə müqayisədə 76 milyon manat artım deməkdir.

Teleqraf.com xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov ümumi kredit portfelinin 16 milyard 336 milyon manatının Bakıda qeydə alındığını deyib.

Deputat qeyd edib ki, rəsmi statistika hələ də rayonlarda yaşayan vətəndaşlarımızın, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olanların kreditlərə çıxış imkanları məhdud olaraq qaldığını göstərir: “Bu o deməkdir ki, ümumi kredit portfelinin 76 faizindən çoxu paytaxtın payına düşüb. Kreditin 805 milyon manat isə Abşeron-Xızı iqtisadi rayonunda təklif olunub. Bu isə o deməkdir ki, bankların verdiyi hər 100 manat kreditin 80 manatından çoxu Bakı və Abşeronun payına düşür. Bu, həmçinin regionların kreditlərə çıxış imkanları məhdud olaraq qaldığından xəbər verir”.

Vüqar Bayramovun sözlərinə görə, bir sıra iqtisadi rayonlar üzrə kredit qoyuluşları hələ də kiçik olaraq qalmaqdadır: “Məsələn, böyük potensialı olan Dağlıq Şirvanda 151, Mil-Muğan iqtisadi rayonunda isə 229 milyon manat krediti qoyuluşu qeydə alınıb.

Aydındır ki, özəl banklar kreditləşmədə müstəqil qərar verirlər və bu zaman risk amili daxil olmaqla fərqli faktorları nəzərə alırlar. Digər tərəfdən, inzibati yollarla bankları kreditləşməyə istiqamətləndirmək də düzgün olmazdı. Bir sıra inkişaf etmiş ölkələrin praktikasında olduğu kimi, bankları regionlarda biznesin maliyyələşdirilməsinə stimullaşdırılması və təşviq edilməsi çox vacibdir. Bu, bölgələrimiz daha çox maliyyə resursları əldə etməsinə və inkişafına təkan verə bilər”.

Analitik təhlillərə əsaslanaraq, bankların regionlara daha az kredit ayırmasının əsas səbəblərinə toxunub: “Rayonlarda yaşayan sahibkarlar üçün girov mexanizmi şərtləri ağırdır. Banklar əksər hallarda kredit ayıran zaman paytaxtda girov tələb edilər ki, əksər yerli sahibkarların da bu imkanları olmur. Bu baxımdan, girov mexanizmi təkmilləşdirilməli və regionlarda fəaliyyət göstərən sahibkarlar üçün güzəştli kreditlərin həcmi artırılmalıdır. İnklüziv və balanslı iqtisadi inkişafın güclənməsi üçün regionlarda fəaliyyət göstərən sahibkarların ucuz kreditlərə çıxış imkanlarının artırılması vacib şərtlərdəndir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər