13 Yanvar 2015 15:08
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkəti Azərbaycan Mətbuat Şurası ilə birlikdə “Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi” layihəsinə start verir.

Teleqraf.com-un məlumatına görə, layihə ilk dəfədir keçirilir və neft-qaz mövzuları üzrə ixtisaslaşmaq istəyən gənc jurnalistlərin təcrübi biliklərinin və peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edir.

Layihənin keçirilməsində əsas məqsəd Azərbaycan mediasında enerji mövzularının işıqlandırılması sahəsində keyfiyyətin yüksəlməsinə, gənc jurnalistlərin neft-qaz sektorunun müxtəlif sahələri və spesifik xüsusiyyətləri barədə biliklərini artırmalarına yardım göstərməkdən, SOCAR-ın fəaliyyət istiqamətləri ilə daha yaxından tanış olmalarına şərait yaratmaqdan ibarətdir.

Layihə müddətində Azərbaycan Respublikasının XXI əsrin qlobal və regional enerji layihələrinin işlənilməsi və icra olunmasında rolu, ölkənin milli enerji strategiyası və sosial-iqtisadi yüksəlişi, beynəlxalq enerji bazarlarında müasir vəziyyət və etibarlı neft-qaz ixracatçısı kimi SOCAR-ın perspektivləri, neft kapitalının insan kapitalına çevrilməsi konsepsiyası, neft-qaz sənayesinin inkişaf tendensiyaları və onun mediada işıqlandırılması və s. istiqamətlər üzrə iştirakçılara dolğun informasiyalar çatdırılacaq, şərəfli ənənələrə malik neft sənayemizdə son illər qazanılan əhəmiyyətli nailiyyətlər barədə ətraflı məlumat veriləcək.

“Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi”ində Dövlət Neft Şirkəti rəhbərliyinin nümayəndələri, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, nüfuzlu mütəxəssis və ekspertlərlə görüşlər keçiriləcək. KİV nümayəndələri həmçinin müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparmaq, istehsalat müəssisələrinə ekskursiyalara getmək və əyləncəli oyun və viktorinalarda iştirak imkanı əldə edəcəklər.

“Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi” 2015-ci ilin fevral ayında Bakıda və Balakən rayonunda ümumilikdə 10 gün müddətində təşkil olunacaq. Layihədə yaşı 30-dək olan və 2014-cü ildə iqtisadiyyat mövzusunda materialları (yazılar, audio-foto və video materiallar) yayımlanmış KİV əməkdaşlarının iştirakı nəzərdə tutulub. Layihədə iştirak etmək üçün nümayəndə verəcək KİV-lərin seçimində media orqanlarının ictimai rəyə təsir gücü, dövriliyi, tirajlarının yüksəklik dərəcəsi, peşə prinsiplərinə riayət etmə göstəricisi əsas götürülür. Seçilmiş KİV-lərin rəhbərləri öz namizədlərinin adını layihə çərçivəsində hazırlanmış blanka uyğun doldurmalı və rəsmi şəkildə təsdiqləyərək 2015-ci ilin yanvar ayının son iş gününədək Mətbuat Şurasına təqdim etməlidirlər.

“Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi”nin fəaliyyət müddətində iştirakçılar bu məqsədlə Bakıda və Balakəndə seçilmiş otellərdə yaşayacaq. Onların təlimlər keçməsi və istirahəti üçün bütün imkanlar yaradılacaq. Məktəbin fəaliyyət proqramına və daxili nizam-intizam qaydalarına əməl olunması şərtdir.

Layihənin yekunu olaraq iştirakçılar arasında yaradıcılıq müsabiqəsi keçiriləcək və qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər