Səudiyyə Ərəbistanı və Rusiya tərəfindən neft tədarükünün azaldılması əhəmiyyətli tədarük boşluğu və qiymət dalğalanmalarında yeni artım təhlükəsi yaradacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) xəbərdarlıq edir.
Agentlik OPEC+ liderlərinin keçən həftə kəsintilərin ilin sonuna qədər uzadacaqlarını elan etməsindən sonra qlobal neft bazarlarının 2023-cü ilin ikinci yarısında gündəlik 1,2 milyon barel kəsirlə üzləşəcəyini bildirib. Bu rəqəm tələb proqnozlarında tarixi dəyişikliklər nəticəsində ötən ay proqnozlaşdırılandan daha aşağı olsa da, istehlakçılar üçün risk yaradır.
IEA bildirir ki, iki istehsalçı 2024-cü ilin əvvəlində ixtisarları yüngülləşdirsələr belə, neft ehtiyatları ciddi şəkildə tükənəcək və qiymətlər şoklara qarşı həssas olaraq qalacaq.
IEA-nın neft bazarı departamentinin rəhbəri Toril Bosoni ilin ikinci yarısında bazarların daraldığın təsdiq edib: “Avqust ayında qlobal neft ehtiyatlarının 75 milyon barel azaldığını gördük. Neft ehtiyatları narahatlıq doğuracaq dərəcədə aşağı səviyyədə qalacaq. Kövrək iqtisadi mühiti nəzərə alsaq, bu, nə istehsalçıların, nə də istehlakçıların maraqlarına cavab verəcək. Növbəti artım riskini artıracaq”.