Azərbaycanda ümumi məbləği 15 min manatdan çox olan qiymətli daşlardan hazırlanmış məmulatların alqı-satqısı nağdsız həyata keçiriləcək.
Qərar “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Maraqlıdır, dəyişiklik sözügedən məmulatların satışında özünü necə büruzə verəcək?
İqtisadçı Xalid Kərimli Teleqraf.com-a bildirib ki, sözügedən məmulatların satış qiymətində artım ola bilər.
Dəyişikliyi şərh edən iqtisadçı qeyd edib ki, qiymətli daşlardan hazırlanan məmulatların alqı-satqısının nağdsız həyata keçirilməsi zamanı potensial vergi yayınması imkanları aradan qalxır: “Yeni dəyişikliklə bu məmulatlar satılanda plastik bank kartı və ya köçürmə ilə ödəniş olacağı üçün həmin məhsulların satışının dövriyyədən gizlədilmə ehtimalı aradan qalxır. Bu zaman vergidən yayınmaq üçün başqa tədbirlər həyata keçirmək mümkün deyil. Bahalı məhsulların satışında vergidən yayınma halları yuxarı idi. Bunu nəzərə alsaq, vergiyə cəlb olunacağı üçün bahalı məhsulların daha da bahalaşması gözlənilə bilər”.
Analitik hesab edir ki, sözügedən dəyişiklik ümumi bazara təsir etməyəcək: “Çünki Azərbaycanda zərgərlik məmulatına birdəfəlik 15 min manat ödəyən əhalinin sayı çox azdır. Ola bilsin kasıbdır, evini satar, gedib kredit götürüb gəlininə 30-40 min manat dəyərində qızıl alar. Amma burada söhbət bir zərgərlik məmulatından gedir.
Təbii ki, ayrı-ayrılıqda da bu məhsulu ala bilər. Birdəfəlik 15 min manatdan yuxarı zərgərlik məmulatı alacaq insanların sayı əhalinin 1 faizindən çox deyil. Birdəfəlik qiymətli daşlardan hazırlanan məmulatlara 15 min manatdan yuxarı ödəniş edənlər isə o qədər varlıdır ki, qiymət dəyişikliyi onlar üçün əhəmiyyətli deyil. Yəni 20 min manata hansısa daş-qaşı alırdısa, 22-23 minə də alacaqlar. Başqa sözlə, bu bazarın qiymətə həssaslığı çox deyil”.
Qeyd edək ki, dəyişikliklə 30 dekabr 2022-ci il tarixli 785-VIQD nömrəli qanunla “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilərək qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlərin nağdsız qaydada həyata keçirilməsi təsbit edilib.