16 Sentyabr 2023 19:04
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda yeni vergi və bank məcəllələrinin qəbuluna ehtiyac var”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təklif edib.

İqtisadçı hesab edir ki, sektoral məcəllələrin qəbul olunması qanunvericiliyin sistemləşdirilməsinə, o cümlədən, vətəndaşların və sahibkarların hüquqi bazadan daha rahat istifadəsinə imkan yarada bilər:

“Bu baxımdan Azərbaycanda yeni Vergi Məcəlləsinin hazırlanıb qəbul olunması məqsədəuyğun olardı. Demək olar, hər il iqtisadi islahatların istiqamətinə uyğun olaraq Vergi Məcəlləsində dəyişikliklər olur. Etiraf etmək lazımdır ki, onların əksəriyyəti təşviq və ya güzəşt xarakterlidir. Bununla belə, mövcud iqtisadi reallıqları nəzərə alaraq yeni Vergi Məcəlləsinin qəbuluna ehtiyac var. Yeni Vergi Məcəlləsinin qəbulu müvafiq qanunvericilikdə mütəmadi dəyişiklikləri də optimallaşdıra bilər”.

Deputatın digər təklifi Bank Məcəlləsinin qəbulu ilə bağlı olub: “Bank sektorunun inkişafı və vətəndaşların bank xidmətlərin daha kütləvi istifadəsini nəzərə alaraq belə bir məcəllənin hazırlanıb qəbul olunması məqsədəuyğun olardı. Bu sektorda islahatların daha da sistemləşdirilməsinə və əhalinin bank qanunvericiliyindən daha aydın şəkildə istifadə imkan yarada bilər.

Qeyd edim ki, sektoral məcəllələrin qəbulu Avropa İttifaqı daxil olmaqla əksər inkişaf etmiş birlik və dövlətlərdə tətbiq olunur. Bu hüquqi bazanın sistemləşdirilməsinə və asan qavranılmasına imkan yaradır”.


Müəllif: Yeganə Oqtayqızı