Cari ilin 7 ayında Azərbaycan 72,1 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 23 faiz azdır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na görə, 2022-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 93,7 milyon ABŞ dolları təşkil edib.
İyul ayında 11,5 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. 2022-ci ilin eyni ayında qızıl ixracının ümumi dəyəri 14,4 milyon ABŞ dolları olub.
Göründüyü kimi, həm illik, həm də aylıq müqayisədə qızılın ixrac gəlirləri kəskin düşüb.
İqtisad üzrə elmlər doktoru Elşad Məmmədov qızılın ixrac gəlirinin azalmasını Teleqraf.com-a şərh edib.
O bildirib ki, valyutaya ifadəsində qızıl ixracının azalması dünya bazarlarındakı qiymətə söykənir:
“Qızılın fiziki həcmdə azalması hasilat həcminin azalması ilə əlaqəlidir. Amma istənilən halda azalma bu əmtəənin mövcud hasili, emalını təşkili etmək nöqteyi-nəzərindən dünya bazarlarından asılılığımızı çoxaldacaq. Digər tərəfdən qızılı xammal şəklində ixrac ediriksə, bu, arzuolunan hesab oluna bilməz. Ona görə də ölkədaxili emal sektoru inkişaf etdirilməlidir, buraya sərmayələr qoyulmalıdır. Əks halda qızıl sənayesinin inkişafında dayanıqlı müsbət effekt əldə edə bilməyəcəyik”.
Qızılın daxili bazardakı vəziyyətə diqqət çəkən iqtisadçı qiymətlərin artmaqda davam etdiyini vurğulayıb: “Sadəcə olaraq qızıl elə bir məhsul kateqoriyasına aiddir ki, o, gündəlik tələbat malı hesab olunmur. Ona görə də əhalinin alıcılıq qabiliyyəti azalanda, istər-istəməz tələbat da aşağı düşür. Tələbatın aşağı olmasının qiymətin stabil qalmasına təsiri olur. Amma son nəticədə qiymətlərin ölkə daxilində azalması üçün heç bir şərait mövcud deyil. Çünki idxal bahalaşıb, ölkədaxili emal isə demək olar ki, çox aşağı səviyyədədir. Unutmayaq ki, biz hasil olunan qızılı xammal şəklində dünya bazarına ixrac edirik. Belə olan halda sözsüz ki, son nəticədə xaricdə emal olunmuş qızıl almağa məcbur oluruq.
Son zamanlar qızılın qiymət artımı bir qədər zəifləyib. Bunun əsas səbəbi ölkədə alıcılıq qabiliyyətinin yüksək səviyyədə olmamasıdır. Çox yüksək imkanlara malik bir təbəqə var, onlar üçün qiymətlərin necə dəyişməsi o qədər önəmli deyil. Əhalinin əksər hissəsi isə öz resurslarını daha çox gündəlik tələbat mallarına yönəldir. Əhalinin bu hissəsi üçün qızıl alışı o qədər də prioritet deyil. Bunun hamısı əhalinin gəlirlərindəki qeyri-bərabərliklə bağlıdır”.