Dəbdəbəli, büllur işıqlarla dizayn edilmiş, milyardlar hesabına başa gələn “Bakı Kristal Zalı” mənfəətsiz obyektə çevrilib.
Mərkəzin yığılmış zərəri onu deməyə əsas verir ki, icarəyə verilməsi mümkün olmayan həmin obyekt dövlət büdcəsi üçün əlavə yük mənbəyidir.
MMC-nin maliyyə hesabatına əsasən, 2020-ci ilin sonunda "Bakı Kristal Zalı" 17 milyon 444 min manat yığılmış zərərə malik olub. 2019-cu ilin sonunda MMC-nin 17 milyon 377 min manat yığılmış zərəri var idi. Yığılmış zərər MMC-nin 191 milyon 561 min manat olan nizamnamə kapitalını bir qədər “əridib”.
Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Bakı Kristal Zalı” bu gündən İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib. Qərara əsasən, “İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib və “Bakı Kristal Zalı” MMC sözügedən siyahıya əlavə edilib.
Ölkədə inşa olunan bu kimi mərkəzlərin tikinti xərcləri və eləcə də bu mərkəzin saxlanması üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi barədə məlumat yoxdur. Amma illik milyon manatlarla zərər edən hesabatlar mərkəzin maliyyə hesabatlarında üzə çıxır.
Maraqlıdır, dövlət büdcəsinin vəsaitləri hesabına inşa olunan bu tip mərkəzləri sonradan gəlirli sahəyə çevirmək üçün hansı məqsədlərdə istifadə edilə bilər? Bu istiqamətdə xarici ölkələrin nümunəsi necədir?
İqtisadçı Rəşad Həsənov Teleqraf.com-a açıqlamasında bu tipli infrastrukturun əsasən müəyyən tədbirlərin təşkili məqsədilə inşa edildiyin bildirib.
Dünya təcrübəsinə diqqət çəkən iqtisadçı deyir ki, bu kimi hallarda həmin infrastrukturun saxlanması və sonrakı dövrlərdə fəaliyyətinin rentabelli təmin olunması çox çətin olur: “Bu baxımdan zaman-zaman bu kimi infrastrukturların yaradılmasının əleyhinə bir münasibət göstərilir. Çünki inşasına böyük vəsaitlər xərclənir, sonradan isə buradan mənfəət əldə etmək mümkün olmur. Nəticədə bu tipli mərkəzlərin saxlanması dövlət büdcəsi üçün əlavə maliyyə yük yaradır.
Hesab edirəm, indiki şərtlər daxilində hökumət mümkün qədər çalışmalıdır ki, növbəti dövrlərdə böyük layihələrə geniş yer verməsin. Çünki çox da böyük olmayan ölkədə kütləvi tədbirlərin təşkili ilə bağlı xidmətlərə ehtiyac və həmin xidmətlərin təşkili zamanı tələbin həcmi də çox aşağı olur. Bu baxımdan mövcud infrastrukturla böyük beynəlxalq tədbirlərin idarəedilməsi zaman-zaman bu istiqamətdə qoyulmuş xərcin kompensasiyası siyasəti izlənməlidir. Yəni yeniləri inşa edilməməlidir”.
Rəşad Həsənov düşünür ki, mövcud mərkəzlərin fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına cəhd göstərilməlidir: “Məsələn, ölkə beynəlxalq tədbirlərə daha açıq olmalıdır. Müşahidə edirik ki, Gürcüstan, Türkiyə kimi dövlətlər beynəlxalq tədbirlərin ölkəyə gətirilməsi üçün xüsusi səy göstərirlər. Bu, həm turizm gəlirləri, həm ölkəyə əlavə vəsait axını, həm iqtisadiyyatın hərəkətə gəlməsi, həm xidmətdə tələbin artması, həm də ümumi daxili məhsulun (ÜDM) daha da böyüməsi deməkdir. Bu, eyni zamanda bu kimi böyük obyektlərin saxlanmasına xidmət göstərir. Aidiyyəti qurumlar mümkün qədər bu istiqamətdə daha adekvat mövqe ortaya qoymalıdır. Kütləvi tədbirlərin ölkəyə gətirilməsi təşkilində intensivlik artmalıdır ki, bu müəssisələr müəyyən qədər gəlirlə fəaliyyət göstərə bilsin”.
“Bakı Kristal Zalı”ın İqtisadiyyat Nazirliyinin tabeliyinə verilməsində məqsəd nədir?
Analitik ehtimal edir ki, qərar idarəetmə modelinin təkmilləşdirilməsinə xidmət edir: “Ola bilsin kooperativ idarəetmə ilə bağlı yeni yanaşmanın tətbiqi nəzərdə tutulub və gələcəkdə bu istiqamətdə hansısa formada addımlar atılacaq.
Düşünürəm ki, özəl sektorun da prosesə cəlb edilməsinə ehtiyac var. Özəl təşəbbüslərin prosesə cəlb edilməsi həm müəssisələrin maliyyə təsərrüfat fəaliyyətini daha şəffaf və səmərəli idarəetməyə gətirib çıxarır, həm də özəl təşəbbüskarlıq hər zaman bir addım öndədir və onların bu istiqamətdə töhfələri daha böyük ola bilər. Ən azından bu müəssisənin zərərlərinin azaldılması və yaxud uzunmüddətli dövrdə mənfəətə çıxması üçün imkanlar da təmin edilə bilər. Yəni bu kimi daha rasional siyasətlərin icrasında fayda vardır”.