“Əsrin Müqaviləsi”nin imzalanmasının 29-cu ildönümüdür. Bu müqavilənin imzalanması Birinci Qarabağ müharibəsindəki atəşkəsdən qısa müddət sonra reallaşdı.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, Azərbaycan regionun iqtisadi xəritəsini dəyişəcək bir sənədə imza atıb: “O zamankı müharibədə torpaqlarının bir hissəsini itirmiş, 1 milyona yaxın qaçqın və məcburi köçkünü olan, iqtisadiyyatı tənəzzül keçirən Azərbaycan 1994-cü il sentyabrın 20-də sonradan regionun iqtisadi xəritəsini dəyişəcək bir sənəd imzaladı. SOCAR və dünyanın 7 ölkəsini təmsil edən 11 neft şirkəti ilə birlikdə yaradılan konsorsium Xəzər dənizinin Azərbaycan sektorunda olan "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsinə start verdi. Bu, ilkin mərhələdə enerji sektoruna 20 milyard dollar sərmayə cəlbi demək idi.
Belə çətin vəziyyətdə "Əsrin Müqaviləsi" kimi tarixə düşən anlaşmanın imzalanması birbaşa ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu. Bu, nəinki Azərbaycan iqtisadiyyatı, həmçinin ordu quruculuğu üçün də yeni mərhələ idi. "Əsrin Müqaviləsi" hərbinin gücümüzün artırılması, hərbiçilərimizin maddi-sosial təminatının güclənməsi üçün ciddi maliyyə bazası formalaşdırdı. Bu da Azərbaycanı zəfərə gətirib çıxartdı”.
İqtisadçı qeyd edib ki, "Əsrin Müqaviləsi" 1994-cü ildə ümumi daxili məhsulunun (ÜDM) həcmi 374 milyon manat olan Azərbaycanın inkişaf trayektoriyasını müəyyənləşdirdi: “Fiskal gəlirlərimizin artması hərbi sahənin inkişafını stimullaşdırdı. 2023-cü ildə Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 6 milyard 54 milyon manatı keçdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyada milli təhlükəsizliyin daha da güclənməsi prioritet xətlərdən birinə çevrilib. Məhz 1994-cü ildə "Əsrin Müqaviləsi"nin imzalanması ilə müəyyyənləşdirilən strateji xətt hərbi potensialımızın artmasına xüsusi imkan yaratdı. Artıq Azərbaycan müasir texnikalı güclü orduya malikdir. Qalib ölkəyə çevrilmiş Azərbaycan bu gün separatistlərə qarşı uğurla antiterror əməliyyatları aparır.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Səninləyik Azərbaycan əsgəri!”