21 Sentyabr 2023 17:33
16 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 20-də Prezident xalqa müraciət edəndə Yevlax görüşündə erməni nümayəndələrinə çatdırılacaq bəzi məqamlara diqqət çəkdi.

Ölkə başçısı çıxışında Qarabağda yaşayan erməni əhali üçün müxtəlif sosial proqramlar icra etməyə hazır olunduğunu vurğuladı.

Maraqlıdır, Qarabağ erməniləri üçün hansı sosial proqramlar icra edilə bilər?

İqtisadçı Eldəniz Əmirov Teleqraf.com-a bildirib ki, Prezidentin anonsunu verdiyi kimi, danışıqlardan sonra Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası zamanı bir çox istiqamətdə dəstək alacaqlar.

Ekspert sonda ermənilərin bu prosesdən məmnun qalacaqlarına şübhə etmədiyini vurğulayıb:

“Təbii ki, Qarabağ erməniləri üçün xüsusi sosial proqramlar hazırlanmayacaq. Ölkənin digər yerlərində Azərbaycan vətəndaşları üçün hansı sosial proqramlar icra edilirsə, eynisi Qarabağ ermənilərinə də şamil oluna bilər. Təbii ki, Azərbaycan vətəndaşlığının, Konstitusiyasının qəbulu və eləcə də hüquqi cəhətdən bir çox proseslər öz əksini tapdıqdan sonra eyni sosial proqramların Qarabağ erməniləri üçün qəbul edilməsi gözlənilir”.

Eldəniz Əmirov konkret olaraq bəzi nümunələr də çəkib: “Uzun müddətdir ölkəmizdə məşğulluğun təmin olunması üçün özünüməşğulluq proqramı icra olunur. Bu proqramda nəzərdə tutulan istiqamətlərin tamamı Qarabağ ermənilərinə tətbiq edilə bilər. Onlar sosial işlərə cəlb edilə, eyni zamanda aztəminatlı ailələrin müəyyən edilməsinə başlanıla bilər. Azərbaycan qanunvericiliyi əsasında aztəminatlı ailələrə olunan dəstək burada da tətbiq edilə bilər.

Həmçinin onların pensiya göstəricilərinin yaxşılaşdırılması mümkündür. Çünki Azərbaycanda olan minimum pensiya məbləği Ermənistanla müqayisədə yüksəkdir. Bundan əlavə, kommunal problemlərin həlli, təchizat əlçatanlığının təmin olunması, qiymətlərin Azərbaycandakı mövcud tarifə uyğun olaraq eyniləşdirilməsi də tətbiq oluna bilər.

Düşünürəm ki, bütün bu güzəştlər sayəsində Qarabağ erməniləri hazırkı və 3-5 il bundan əvvəlki vəziyyətdən daha üstün sosial təminat əldə edə biləcəklər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər