6 Oktyabr 2023 09:30
1 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

İl olub 2023, amma Azərbaycan hələ də 2009-cu ildə təsdiq edilmiş minimum istehlak səbətinin tərkibini dəyişməyib.

İstehlak səbətinin tərkibi və normaları Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə təsdiq edilib.

Qanunvericiliyə görə, ən azı 3 ildən bir yenilənməli olan bu səbət sonuncu dəfə 2018-ci ildə sadəcə yeni redaksiyada təsdiq edilib.

Məlumat üçün bildirək ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

“Yaşayış minimumu haqqında” qanunun 4-cü maddəsinə görə məbləğin hesablanması istehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri (tarifləri) ilə, icbari ödənişlər isə normalaşmış faktiki məsrəflər əsasında hesablanır.

Sabiq baş nazir Artur Rasizadənin qərarını ondan sonra vəzifəyə gələn nə Novruz Məmmədov, nə də Əli Əsədov ləğv edib.

Orta hesabla bir il ərzində əmək qabiliyyətli insan üçün minimum istehlak səbəti hesablanarkən aşağıdakı normalar qəbul edilib:

Çörək və çörək məhsulları – 150 kilo, kartof – 46 kilo 700 qram, tərəvəz və bostan məhsulları 95 kilo 700 qram, meyvə və giləmeyvə 38 kilo, ət və ət məhsulları – 30 kilo, süd və süd məhsulları (südə çevirməklə) 193 kilo 600 qram, balıq və balıq məhsulları – 5 kiloqram, yumurta 135 ədəd, şəkər və qənnadı məmulatları (şəkərə çevirməklə) 16 kilo 300 qram, bitki yağı, marqarin və digər piylər 11 kilo, mal-qara yağı – 8 kiloqram, digər məhsullar (çay, duz) 3 kilo 600 qram.

Bu normalarla əmək qabiliyyətli insan normal qidalanıb dolana bilərmi?!

Səbətdəki qeyri-ərzaq məhsullarının aşınma müddəti isə elə səbətin özü kimi köhnədir.

Əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinə 8 il ərzində 3 ədəd palto tipli üst geyimlər, 4,2 il ərzində 9 ədəd kostyum tipli üst geyimlər, 2,5 il ərzində 9 ədəd alt geyimlər, 1,5 il ərzində 7 cüt corab məmulatları, 5 il ərzində 4 ədəd baş geyimləri və xırdavat məmulatları, 3,5 il ərzində 6 cüt ayaqqabı və sair daxildir.

Ritorik də görünsə, 913 gündə 9 ədəd alt geyimi (yəni 102 günə bir dəst), 548 gündə 7 cüt corab (78 günə bir cüt), 1277 günə 6 cüt ayaqqabı (213 günə bir cüt) aşınır... Söhbət əmək qabiliyyətli əhalidən gedirsə, 78 günə corab, 102 günə alt geyim dözər?!

Maraqlıdır, Milli Məclisin də dəstəyini qazanan sənədi hazırlayanların özləri bir paltonu neçə il geyinir?

İnternet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə 1 saat götürülməklə müəyyənləşdirilir.

İqtisadçı-alim Vüsalə Əhmədova Teleqraf.com-a bildirib ki, minimum istehlak səbəti bir şəxsin və ya ailənin illik istehlakının tipik səviyyəsini və strukturunu xarakterizə edən malların məcmusudur.

Analitik qeyd edib ki, minimum istehlak səbəti strukturunun və ölçüsünün müəyyən edilməsi əhalinin həyat və sosial təminat səviyyəsini və inflyasiyanı qiymətləndirməyə imkan verir: “Səbətin strukturu həmçinin, istehlakın hesablanmış və real səviyyələrini müqayisə etmək üçün əsas rol oynayır. Minimum istehlak səbətinin dəyərinin qiymətləndirilməsi əsasında yaşayış minimumu, minimum əmək haqqı, minimum pensiya və təqaüdlərin məbləği müəyyən edilir.

Əgər minimum istehlak səbətinin tərkibi doğru müəyyən edilməzsə, təbii olaraq ölkədəki istehlak qiymətləri indeksi də, yoxsulluq həddi də, vətəndaşın alıcılıq qabiliyyəti də, minimum əməkhaqqı və inflyasiya səviyyəsi də doğru hesablanmayacaq”.

Vüsalə Əhmədova minimum istehlak səbətinin tərkibinin indiyə qədər hansı meyarlarla müəyyən edildiyini anlamadığını deyir: “Qeyd olunan ölçülər yoxsulluq həddindən də aşağı həyat səviyyəsini belə əks etdirmir. Minimum istehlak səbətinə daxil edilən ərzaq məhsullarına və miqdarlarına nəzər yetirsək, məsələn, nəyə görə xəzəryanı ölkədə balıq və balıq məhsullarının adambaşına illik istehlak həcmi 5 kiloqram müəyyən edilib və ya ət və ət məhsullarının və ya kərə yağının əmək qabiliyyətli əhali üçün illik istehlak həcmi müvafiq olaraq 30 və 8 kiloqram müəyyən edilib. Bunlar çox aşağı göstəricilərdir.

Qeyd edim ki, Ümumdünya Səhiyyə Təşkilatı il ərzində adambaşı ət normasını 78 kiloqram olaraq müəyyən edir. Bundan əlavə, mebel, məişət əşyaları, dərmanlar, sanitariya və gigiyena vasitələri, tibbi xidmətlər, mədəni-maarif, istirahət və əyləncə xidmətləri, vergi və rüsumlar, rabitə və internet xidmətləri minimum istehlak səbətinə heç daxil edilməyib. Hər bir ölkədə insanların müntəzəm olaraq aldığı və minimum zəruri sayılan öz məhsul dəsti var. Qeyd etdiklərim günümüzdə ən zəruri vasitələrdir və necə ola bilər ki, minimum istehlak səbətində bunlar nəzərə alınmır? Bir üst geyimin aşınma müddətinin 8 il müəyyən edilməsindən sonra nə gözləmək olar?..”

Bəs istehlak büdcəsinin rasional strukturu necə olmalıdır?

İqtisadçı yaşayış minimumunun hesablanması metodologiyası ilə razı deyil və düşünür ki, xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla mütərəqqi dəyişikliklər etmək olar: “Ərzaq məhsulları 30%, qeyri-ərzaq məhsulları 47%, digər mallar 9% və bütün növ xidmətlər 23% təşkil etməlidir. Ölkəmizdə ev təsərrüfatlarında aylıq adambaşına düşən istehlak xərclərinə nəzər yetirsək, insanlarımızın aylıq gəlirinin 45-50%-ni ərzaq məhsullarına, cəmi 3-3,5%-ni istirahət və mədəniyyət xidmətlərinə xərclədiyini görərik. Bu onu göstərir ki, vətəndaşın büdcəsinin böyük hissəsi ibtidai ehtiyacların ödənilməsinə sərf olunur.

Almaniya və ABŞ kimi ölkələrdə minimum istehlak səbətinin böyük hissəsi xidmətlərə ayrılır. Məsələn, Almaniyada minimum istehlak səbətində ərzaq və qeyri-ərzaq mallarının hər biri 17%, xidmətlər isə 66% təşkil edir. ABŞ-da minimum istehlak səbətində ərzaq məhsulları 20,6%, qeyri-ərzaq malları 9,3%, xidmətlər 70,4% təşkil edir. Çində hər üç kateqoriya arasında tarazlıq qorunur, ərzaq məhsulları təxminən 38%, qeyri-ərzaq məhsulları 36% və xidmətlər 26% təşkil edir.

Yaşayış minimumunun hesablanması metodologiyasının az da olsa Avropa İttifaqı ölkələrinin göstəricilərinə uyğunlaşdırılması əhali arasında yoxsulluğun azaldılmasına, sağlamlıq səviyyəsinin və əmək potensialının yaxşılaşdırılmasına, əmək məhsuldarlığının və müvafiq olaraq əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və dövlətin iqtisadi inkişafının davamlı olmasına kömək edər. Xarici ölkələrin təcrübələrini nəzərə almaqla istehlak səbətinin strukturunda mütərəqqi dəyişikliklər etmək lazımdır. Sağlam həyat fəaliyyətinin minimum səviyyəsini təmin etmək üçün tələb olunan mal və xidmətlərin tərkibi doğru müəyyənləşdirilməlidir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər